AZ

Toy mədəniyyətsizliyimiz...

Biz “vur” deyəndə öldürən toplumuq.

Nə sevgimizin ölçüsü var, nə nifrətimizin. Sevəndə sevgimiz sevdiklərimizə, nifrət edəndə nifrətimiz özümüzə zərər vuracaq həddi çox keçir. Orta həddimiz yoxdur. Ya sıfırdayıq, ya da sonsuzluğun zirvəsində...

Toyumuz da belədir, yasımız da.

İllərdir nə evlənmək mədəniyyətini, nə də boşanmaq mədəniyyətini formalaşdıra bilmişik. Bəzən o qədər mədəniyyətsizliyə yuvarlanırıq ki, elə bilirik həddi-hüdudu aşmaq, görməmişliyin görünürlüyünə varmaq bizi daha da arzuolunan edir.  Elə bilirik nə qədər səs-küy, nə qədər dəbdəbə varsa, bir o qədər dəyərliyik. Guya hamı bizə həsəd aparacaq.

Amma bir sual var ki, ona səmimi cavab vermədən atılan hər addım fəlakətə çevrilir: Bəhsəbəs yarışında qazansam nə olacaq, qazanmasam nə?

Bu sualın cavabı olmadığı üçün etdiyimiz “müsbətlər” mənfiyə dönür. Təmtəraq bizə xoşbəxtlik yox, bəla gətirir. Sonra da hər şey burnumuzdan gəlir.

Təsəvvür et ki, evlənirsən. Sənin dünya görüşün fərqlidir. Həyat yoldaşın olacaq xanıma təklif edirsən ki, gəl, bu evliliyi xudmani bir məclislə edək. Ən yaxın dostlarımız, valideynlərimiz, minimal yeyəcək və içəcək, furşet masası, sakit musiqi...  

Qarşı tərəfin reaksiyasını tam təsvir etmək üçün mən Azərbaycan lüğətindəki sözləri tapıb seçə bilmirəm. Özünüz gözünüzün qabağında canlandırın. Mən nəticəni yazım: Bu təklifin həyata keçməsi mümkün deyil.

Deyək ki, möcüzə baş verdi və qarşı tərəf də razılaşdı. Bu dəfə ata-ana, qohum-əqrəba imkan verməz. Ata illərlə getdiyi toyların “borc siyahısını” bağlamalıdır. Ana da həmçinin. Şadlıq evi dolmalıdır. On illərlə görmədiyi, salamı belə olmayan adamlar dəvət olunur.

Nəticə? İnsanlar borc-xərc tapıb toya gəlir, nəmər yazdırır. Toy sahibi isə həmin pulu qəpiyinə qədər şadlıq evinə verir. Cibində bir manat belə qalmır. Və buna “xoşbəxtlik” deyir…

Hələ sünnət toyları... Bu məclisə kiçik toy adı verib dəbdəbəli bir restoranda yeddi arxa dönənini də, dönməyənini də toplayan adamların beyninin içində nə olduğunu bilmək istərdim. Bu artıq nə adət, nə mədəniyyət, nə də sevincdir. Sadəcə ayıbdır. Açıq-aşkar ayıb.

Xoşbəxtlik də, uğur da nümayişdə deyil. İstəyirsən get Dubayda toy et. Məsələ məkan deyil, məna məsələsidir. Biz isə məzmunu çoxdan itirib formaya sitayiş edən cəmiyyətə çevrilmişik. İçimiz boşaldıqca, qabığımızı böyüdürük.

Əsl problem toyda yeyilən yeməkdə, masaların sayında, ya da şadlıq evinin dəbdəbəsində deyil. Problem ondadır ki, biz başqalarının gözündə necə göründüyümüzü, öz həyatımızın necə davam edəcəyindən daha vacib hesab edirik. Bir gecəlik alqış üçün illərlə kredit ödəməyə razı oluruq.

Biz sevincimizi paylaşmağı yox, sübut etməyi seçirik. Kiməsə nəsə göstərmək üçün qurulan hər məclis, gec-tez sahibinin belinə yük olur. O yük isə təkcə maddi deyil – psixoloji, ailəvi, mənəvi yükdür. Bir gün hesablayırsan ki, toyun səsi çoxdan kəsilib, amma onun borcu hələ də evin içində danışır.

Cəmiyyət olaraq bizə səs-küy yox, ölçü lazımdır. Göstəriş yox, düşüncə. Ən əsası da başqasına baxıb yaşamamaq cəsarəti. Çünki xoşbəxtlik səhnədə olmur. Xoşbəxtlik tamaşaçı üçün qurulmur. Xoşbəxtlik sakit yaşanır.

Elnur Məmmədli


Telegram kanalımız
Seçilən
37
yenisabah.az

1Mənbələr