Balakən, 8 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Son illərdə Balakən rayonunun təhsil sistemində əsaslı yeniliklər olub, yeni məktəb binaları tikilib, mövcud məktəblər əsaslı təmir edilib, modul tipli məktəblər quraşdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görülən işlər tədrisin keyfiyyətini artırmağa və müasir tələblərə uyğunlaşdırmağa yönəlib. Rayonda təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, hazırda rayonun Bedağar kənd tam orta məktəbinin kollektivi üçün 2 mərtəbəli və 180 şagird yerlik yeni bina inşa olunur.
Qeyd edək ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun tabeliyində 44 ümumtəhsil məktəbi, 35 tam, 9 ümumi orta və 25 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan biri də Bedağar kənd tam orta məktəbidir. Ötən əsrin 70-ci illərində inşa edilən məktəb binası qəzalı vəziyyətə düşdüyündən yenisinin tikilməsi zərurəti yaranıb.
Yeni məktəbin tikintisinə ən çox sevinən kənd sakinləri, valideynlərdir. Yaşlı nəslin nümayəndələrinin övladları indiyədək qəzalı, heç bir şəraiti olmayan məktəbdə təhsil alıblar. Onlar ümid edirlər ki, gələn ildən yeni məktəb binası istifadəyə veriləcək və nəvələri müasir təhsil ocağında, hər cür şəraiti olan sinif otaqlarında biliklərə yiyələnəcəklər.
Kənd sakini İsmayıl Muradovun üç övladı da köhnə məktəb binasında oxuyublar. Yeni məktəb binasında nəvələrinin təhsil alacağını sevinclə bildirən kənd sakini ümidvardır ki, nəvələri bu etimadı layiqincə doğruldacaqlar.
İş icraçısı Rövşən Mustafayevin sözlərinə görə, tikintiyə yerli sakinlər cəlb olunub. Məktəbin sinif otaqları və laboratoriyalarına gəlincə, Rövşən Mustafayev bildirib ki, tikinti işlərinə bir il əvvəl başlayıblar və qarşıdakı aylarda təhvil verəcəklər. “180 şagird yerlik məktəbdə ibtidai siniflər daxil olmaqla, 20 sinif otağı mövcuddur. Bunların içində fizika və kimya laboratoriya otaqları, böyük idman zalı və idman meydançası var. Məktəb müasir istilik sistemi, mebel və hər bir texniki avadanlıqla təchiz olunur”, - deyən iş icraçısı burada şagirdlərin yaxşı təhsil alması üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırıb.
Hazırda Bedağar kənd tam orta məktəbində 130 şagirdin təhsil aldığını deyən direktor Fərhad Qarakişiyev isə qeyd edib ki, məktəbin köhnə binası söküldüyündən şagirdlər müvəqqəti olaraq qonşu kənddə təhsillərinə ikinci növbədə davam edirlər. Fərhad Qarakişiyev yeni məktəb binasında son tamamlanma işlərinin getdiyini vurğulayıb. “Yəqin qısa müddətdə tikinti başa çatacaq. Biz də çalışcağıq ki, yeni məktəb binasında daha yaxşı şagirdlər yetişdirək və təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görək”, - deyə o bildirib.
Bəs, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təmin edilməsi, yeni binalarının tikilməsi və mövcud binaların təmir olunması istiqamətində daha hansı işlər həyata keçirilir? Sorğumuza cavab olaraq bildirildi ki, son iki ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 100-də çox məktəbdə cari, 1-də əsaslı təmir işləri aparılıb, 8 bina sökülərək yenidən tikilib. Yeni tədris ilində idarənin tabeliyində fəaliyyət göstərən 4 məktəb binasının sökülərək yenidən tikilməsi, 90-dan çox təhsil müəssisəsində isə təmir işlərinin aparılması nəzərdə tutulur.