Marinera tankerinin heyəti üzərində məhkəmə qurula bilər. Belə bir ehtimalla Ağ Evin mətbuat katibi Caroline Levitt çıxış edib. O bildirib ki, Marinera tankeri qanunsuz olaraq Venesuela nefti daşıyırdı və onun heyəti ABŞ-da cinayət ittihamları ilə üzləşə bilər.
"Gəmi üçün məhkəmə həbs orderi var idi, orada heyət də var idi. Bu o deməkdir ki, heyət indi federal qanun pozuntularına görə məsuliyyətə cəlb edilə bilər. Lazım gələrsə, onlar məsuliyyətə cəlb olunmaq üçün ABŞ-a gətiriləcəklər", - Levitt bildirib.
Ağ Evin mətbuat katibi tankeri "Venesuelanın kölgə donanmasının" bir hissəsi adlandırıb.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi ABŞ tərəfindən ələ keçirilən Marinera tankerinin göyərtəsində Rusiya vətəndaşlarının olduğunu bildirib. RF Xarici İşlər Nazirliyi ABŞ-dan tanker heyətinə layiqli münasibət göstərməsini və onların mümkün qədər tez evə qayıtmalarına icazə verməsini tələb edib.
Qeyd edək ki, dekabrın sonuna qədər Marinera tankeri Panama bayrağı altında Bella 1 adı altında üzüb və ABŞ sanksiyalarına məruz qalıb. Vaşinqton gəmini İran İnqilab Keşikçiləri Korpusunun maliyyələşdirilməsi üçün istifadə edilən qanunsuz neft daşınması ilə məşğul olan kölgə donanmasının bir hissəsi hesab edirdi. Tanker İrandan Venesuela sahillərinə gəlib. Dekabrın ortalarında Donald Tramp Venesuelanın dəniz blokadasını elan etdiyində Bella 1 tankeri Cənubi Amerikadan qaçmağı bacarıb, lakin ABŞ Sahil Mühafizəsi gəmisi tərəfindən təqib edilib. Daha sonra tankerin heyəti gəminin üzərinə Rusiya bayrağı çəkərək adını Marinera olaraq dəyişib. Eyni zamanda Rusiyada eyni adlı bir gəmi qeydiyyata alınıb və Rusiya Xarici İşlər Nazirliyi dəniz qanunlarını pozmadığını bəyan edib.
Buna baxmayaraq, 7 yanvar günortadan sonra Britaniya qüvvələri tərəfindən dəstəklənən Amerika qüvvələri tankeri ələ keçirib. Onlar bunu federal məhkəmə qərarına əsasən həbs kimi təsvir ediblər. İtkilər barədə heç bir məlumat verilməyib.
SAMİRƏ