Əfsanəvi amerikalı üzgüçü, altıqat Olimpiya çempionu Rayan Lohti qızıl medallarının yarısını sataraq təxminən 400 min dollar gəlir əldə edib.
Publika.az xəbər verir ki, Bu barədə Swimswam.com yazır.
Hərracda Lohtinin üç qızıl Olimpiya medalı satılıb. 2004-cü il Afina Olimpiadasında 800 metr məsafəyə sərbəst üsulla estafet yarışında qazandığı qızıl medal 66 min dollara satılıb və alıcı mükafatı da daxil olmaqla yekun məbləğ 88 min 520 dollar təşkil edib. 2008-ci il Pekin Olimpiadasında eyni estafet növündə qazandığı qızıl medal üçün son təklif 150 min dollar olub, ümumi məbləğ isə 183 min dollara çatıb. Rio-de-Janeyro Olimpiadasında 800 metr sərbəst üsulla estafetdə əldə etdiyi qızıl medal isə 100 min dollara satılıb və alıcı mükafatı ilə birlikdə 122 min dollar edib.
Ən yüksək məbləğ Pekin Olimpiadasının medalına görə ödənilib. Güman edilir ki, bu medalın dəyəri ABŞ yığmasının tərkibində Maykl Felpsin də yer alması səbəbindən daha yüksək olub.
41 yaşlı Lohti karyerası ərzində Olimpiya Oyunlarında həmçinin üç gümüş və üç bürünc medal qazanıb. Bundan əlavə, o, dünya çempionatlarında 18 dəfə qızıl medal əldə edib.