Moskva hələ də “Nu, poqodi…” (hədə) modundan çıxmaq istəmir; indi gerbindəki kimi iki deyil, hətta “üç başla” idarə olunan Rusiya var…
Rusiya mediasına qısa nəzər yetirdikdə başlıqdakı bir qədər də iddialı suala cavab vermək çətin deyil. “Rusiya istəyir ki…” yazıb arxasındakı nöqtələrin yerini hətta gününü dağ başında keçirən, yəni informasiya əhatəsi “0” olan birindən soruşsanız, o da ən azı bir dəfə “istəyir ki…” ifadəsini yeniləyər. Elə eyni sosioloji statuslu bir rusdan da “не знаете, чего Россия от нас хочет?” sualını ünvanlasanız, cavabsız qalmaz. Yəni ilk baxışdan çətin görünən suala asan cavablar var. Amma əlbəttə ki, məsələ bu qədər sadə deyil, hətta zaman keçdikcə daha da qəlizləşir…

Məncə, bu gün Rusiya artıq gerbindəki kimi iki (guya Şərq və Qərbə eyni anda nəzarəti simvolizə edən) deyil, hətta “üç başla” idarə olunur. Məsələn, baş nazir Mişustinin rəhbərlik etdiyi aparat “dövlət işləri”ni icra edir. Hərbi-siyasi güclərin birləşdiyi “ikinci baş” Qərb və Ukrayna ilə müharibə aparır, ölkə daxilində qadağaları legitimləşdirmək üçün qanunları sərtləşdirir və sair. Şərti “üçüncü baş” isə, nə qədər qəribə səslənsə də, əvvəlkilərin Rusiya üçün korladığı münasibətləri, qırdığı mühüm bağları bərpa etmək kimi çətin missiyanı üzərinə götürüb. Onların mövqeyi müharibənin yaratdığı süni hay-küy fonunda eşidilmir, cəmiyyətdə də təsirləri zəifdir, lakin zamanla sözləri həlledici ola bilər.
Azərbaycanla münasibətlərin istisnasız olaraq yalnız Kreml tərəfindən tənzimləndiyi dövr artıq geridə qalıb. Son illər bu münasibətlərə xüsusilə Lavrovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi ciddi müdaxilələr edib və bu da əlaqələrə zərər vurub. Daha sonrakı dövrlərdə də oxşar müdaxilələr müşahidə olunub. Amma güc strukturları və kəşfiyyat orqanları bu proseslərdən kənarda qalmağa çalışırdı, ən azı onlara belə göstəriş verilmirdi. İndi isə “başlı-başlını saxlasın” dövründə kəşfiyyatın və “poqonlular”ın müdaxiləsi açıq şəkildə artıb və bunu artıq gizlətmirlər.
Yaradıldığı gündən (2011) Rusiya İstintaq Komitəsinə rəhbərlik edən Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarə ilə bağlı cinayət işinə xitam verməsinin yeni təfərrüatı — guya hava şəraiti ilə bağlı olması — nəticəni dəyişmir. Əgər bu təfərrüat doğrudursa, avqust ayında yaş həddi səbəbindən vəzifədən gedəcəyi gözlənilən Bastrıkinin bu qərarı təkbaşına verməsi inandırıcı deyil. Məhz bu dəstə, bu qrup — “sərt kurs tərəfdarları” — hazırda Rusiyada əsas söz sahibidirlər. Bizim prizmdən baxdıqda, təyyarə hadisəsi ilə bağlı atılan bir çox addım yanlış, hətta diplomatik etikadan kənardır. Lakin Rusiya indi centlmen kimi görünmək də istəmir; Düşənbə danışıqları tipli yanaşmanı zəiflik kimi başa düşüləcəyindən ehtiyat edir.
2014-cü ilin martına — Krımın rəsmi anneksiyasınadək — dünyada Rusiyaya münasibət ziddiyyətli olsa da, dövlət səviyyəsində açıq izolyasiya yox idi. Dünyanın aparıcı şirkətləri ilə ticarət davam edir, Qərb ölkələri Rusiya neft və qazı ilə təmin olunur, yeni strateji layihələr müzakirə edilirdi. Prezident və digər rəsmi şəxslər bir çox dövlətlərlə açıq təmasda olur, qarşılıqlı səfərlər həyata keçirilirdi. Rusiyanın yaxın qonşuları ilə münasibətləri həmişə problemsiz olmayıb, amma indiki qədər gərgin də olmayıb.
Sirli deyil ki, Azərbaycanla münasibətlərdə xüsusi bir fərqləndirmə, müəyyən imtiyazlı status mövcud idi. Bu gün isə həmin status yoxdur. Məhz bu “fərqləndirmə nişanı” Moskva ilə Bakı arasında çətin və həssas prosesləri tənzimləyir, “qırmızı xətləri” və “yaşıl işıqları” müəyyən edirdi. Rusiya rəsmiləri buna indi “xüsusi münasibətlər” (“особые отношения”) deyirlər, amma reallıq fərqlidir. Bakı bu gerçəyi qəbul etmiş kimi görünür. Rusiya isə “xüsusi fərqləndirmə”nin bərpasını istəyir — təkcə Azərbaycandan yox, ermənidən də, özbəkdən də, qırğızdan da, qazaxdan da. Bu isə real dünyadan uzaqlaşmaq, yeni reallıqları dərk etməmək deməkdir.

Rusiya Azərbaycandan loyal müttəfiqlik yox, “idarəolunan tərəfdaşlıq” istəyir. Moskva qəbul etmək istəmir ki, dünya artıq 90-cı illər kimi idarə olunmur. Azərbaycan da zəif, ənənəvi əlaqələri hər vəchlə qorumağa çalışan, hətta qısa müddətlik belə “Putin NATO-su”na üzv olmaq zərurəti hiss edən ölkə deyil — və bir daha da olmayacaq.
Rusiya isə hələ də “Nu, poqodi…” (hədə) modundan çıxmaq istəmir…
Nazim Sabiroğlu
Musavat.com