Rusiyada azərbaycanlılara qarşı nifrət və təzyiq dalğası davam edir.
NOCOMMENT.az xəbər verir ki, bu dəfə diqqət mərkəzinə yenidən Yekaterinburq şəhəri düşüb.
Əgər ötən ilin yayında etnik təqiblərin təşəbbüskarı birbaşa yerli hakimiyyət orqanları idisə – azərbaycanlı diaspor üzvlərinə qarşı keçirilən reydlər, saxlanmalar və işgəncələr nəticəsində Səfərov qardaşlarının həlak olması ilə yadda qalmışdısa – bu dəfə vəziyyət fərqli məcraya yönəlib. İndi azərbaycanlı ailəyə qarşı hücumların əsas mənbəyi hakimiyyətin atdığı addımlardan narazı qalan sıravi Rusiya vətəndaşlarıdır.
Məsələ Rusiyada 2018-ci ildən keçirilən “Arzular ağacı” adlı xeyriyyə aksiyası ilə bağlıdır. Bu təşəbbüs çərçivəsində tanınmış şəxslər və məmurlar yeni il ağacından uşaqların arzularını əks etdirən oyuncaqları götürərək onları reallaşdırırlar. Yekaterinburqun Dəmir Yolu rayonunun rəhbəri Vitali Perşin dekabrın sonunda bu aksiya zamanı yeddi yaşlı Əli adlı uşağın arzusunu seçib. Əli skuter istədiyini yazmışdı.
Sonradan məlum olub ki, ailədə daha iki uşaq var: səkkiz yaşlı Milena və daha kiçik qardaşları Vaqif. Rayon rəhbəri Milenaya əl işləri üçün dəst, Vaqifə isə şirniyyat hədiyyə edib. Çoxuşaqlı azərbaycanlı ailə ilə çay süfrəsi arxasında görüş keçirilib və bu barədə Perşin “VKontakte” sosial şəbəkəsində paylaşım edib.
Məhz bu paylaşımdan sonra qalmaqal başlayıb. Yazı digər platformalarda, o cümlədən millətçi yönümlü kanallarda yayımlanıb və “niyə hədiyyələr rus uşaqlarına yox, hansısa miqrantlara verilib?” kimi aqressiv şərhlərlə müşayiət olunub. Hücumlar bununla da bitməyib – uşaqların valideynləri də sosial şəbəkələrdə şəxsi səhifələrində təzyiqə məruz qalıblar.
Ailənin artıq təxminən 20 il əvvəl Rusiya vətəndaşlığı aldığı barədə izahlar vəziyyəti dəyişməyib. Rayon administrasiyasının saytında qeyd olunur ki, Əli və Milena 108 saylı gimnaziyanın ibtidai sinfində oxuyurlar, ataları tikintidə çalışır, anaları isə evdar qadındır. Kiçik Vaqif uşaq bağçasına gedir və jurnalistlərin araşdırmasına görə, onun eşitmə ilə bağlı əlilliyi var. Lakin bu faktlar millətçi çevrələrin aqressiyasını azaltmayıb.
Psixoloji təzyiqə tab gətirməyən ata sonda administrasiya nümayəndələrindən hədiyyələrin geri götürülməsini xahiş edib. Milli zəmində nifrət dalğasının necə qarşısını alacağını bilməyən rayon rəhbərliyi əvvəlcə sosial şəbəkədə şərhləri bağlayıb, daha sonra isə yeni il hədiyyələri ilə bağlı paylaşımı tamamilə silib. Nəticədə nifrət kampaniyasını başladan radikal çevrələr faktiki olaraq yerli hakimiyyəti geri addım atmağa məcbur ediblər.
Müşahidəçilərin fikrincə, Rusiyada məmurlar zaman-zaman “yüksək siyasi maraqlar” naminə ksenofob əhval-ruhiyyəni dolayı yolla təşviq etdikcə, sonda özləri də bu aqressiyanın girovuna çevrilirlər. Hələlik söhbət yalnız təzyiq və təhqirdən gedir, amma bu cür proseslərin gələcəkdə hansı təhlükəli həddə çatacağını demək çətindir.