Cəbrayıl rayonunda başlayan yanğın qısa müddətdə geniş ərazilərə yayılıb.
Ölkə.az xəbər verir ki, yanğın hadisəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində başlayıb. Alov daha sonra sərhəd xətti boyunca yayılaraq Füzuli rayonunun Qazaxlar və Mirzənağılılar kəndlərinin ərazilərinə keçib.
Hazırda yanğın sərhəd boyunca davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Füzuli rayonunun yanğınsöndürən bölməsinin 3 maşını şəxsi heyətlə, Cəbrayıl rayonunun isə iki yanğınsöndürən bölməsinin avtomobili şəxsi heyətlə cəlb olunub.
Yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.