"Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahubəsində kadrlar, onların ailə tərbiyəsi və davranışları ilə bağlı səsləndirdiyi fikirlərdə çox ciddi məsələlərə toxundu. Məmurların, deputatların davranışı hökumətin sosial kapitalını müəyyən edən əsas göstərici və dövlətin üz qabığıdır. Mediada yayılan rüşvət, etik norma pozuntuları haqqında qalmaqallar, qeyri-peşəkar davranışlar cəmiyyətin hökumətə olan münasibətini formalaşdıran əsas faktorlardandır".
Newscenter.az xəbər verir ki, bunları politoloq Yeganə Hacıyeva deyib. O bildirib ki, onların şəxsi hərəkətləri, sözləri və mediada əks olunan qalmaqallar, ictimaiyyətin hökumətə olan etimadını zəiflədə bilir:
"Çünki bu qalmaqallar vətəndaşın şüuraltısəndakı güclü dövlət və siyasi stabilliyin fundamentini zədələyir. Qalmaqallar yalnız şəxsi səviyyədə qalmır, media vasitəsilə sürətlə yayılır və ictimai qəzəbə səbəb olur.
Bu proses hökumət üçün etimad itkisi, sosial narazılıq və məmur və parlamentdə siyasətçilərin legitimliyinə dair şübhələr kimi siyasi risklər formalaşdırır. Məsələnin ən pis tərəfi, mediada rezonans doğuran belə qalmaqallar vətəndaşın qənaətində hökumətin siyasətini şüurlu şəkildə təhlil etmədən “hamısı belədir” kimi qiymətləndirməyə gətirib çıxarır".
Politoloq deyib ki, buna görə, dövlət üçün onu təmsil edənlərin təmiz reputasiyasının olması, davranış standartlarının tətbiqi və qorunması strateji və siyasi zərurətdir:
"Bu baxımdan, məmur davranış kodeksi və ictimaiyyətlə düzgün kommunikasiya strategiyası hökumət üçün strateji prioritet olmalıdır.
Azərbaycan Prezidenti kadrların ailə tərbiyəsi və davranışı haqqında danışarkən məhz bu məqamları nəzərdə tuturdu".
Süleyman