AZ

“Normal şəraitdə fast food restoranlarında güclü havalandırma və filtrasiya sistemləri qoxunun zala yayılmasını önləməlidir”

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə KFC Azərbaycan restoranları ilə bağlı narazılıqlar yayılıb. “Facebook” platformasında bir sıra istifadəçilər xüsusilə Əhmədli və “Tarqovı” filiallarında xoşagəlməz qoxu problemi ilə üzləşdiklərini bildiriblər. Şikayətlərdə əsasən havalandırma sisteminin zəifliyi, qoxunun məkanın içinə yayılması və bunun nəticəsində müştərilərin narahatlıq keçirməsi qeyd olunub. Bəzi istifadəçilər isə bu vəziyyəti sağlamlığa “zərər” kimi dəyərləndiriblər.Fast-food məkanlarında qida təhlükəsizliyi və sanitar normalar baxımından nə qədər ciddi sayılır? Bu cür qoxuların yaranması insan sağlamlığına hər hansı real təhlükə yarada bilərmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına qida eksperti Fərid Səfərov bildirib ki, restoranlarda xoşagəlməz qoxular ciddi siqnal kimi qəbul olunur: “Fast-food məkanlarında, xüsusilə də yüksək həcmdə qızartma prosesinin aparıldığı restoranlarda xoşagəlməz qoxular ciddi siqnal kimi qəbul olunur. Qida təhlükəsizliyi və sanitar normalar baxımından bu məsələ təkcə komfort yox, eyni zamanda potensial risk göstəricisi hesab edilir. Normal şəraitdə fast-food restoranlarında güclü havalandırma və filtrasiya sistemləri qoxunun müştəri zalına yayılmasının qarşısını almalıdır. Qoxunun hiss olunması mətbəx zonasında sanitar rejimin yetərli olmaması, avadanlıqların vaxtında təmizlənməməsi, yağların normadan artıq istifadə olunması və ya dəyişdirilməməsi kimi problemlərə işarə edə bilər. Bu səbəbdən qoxu birbaşa pozuntu olmasa da, sanitar nəzarət üçün ciddi əsasdır.

Belə halların əsas mənbələri adətən havalandırma sisteminin zəif və ya nasaz olması, filtr və yağtutanların dolması, qızartma yağlarının köhnəlməsi, oksidləşməsi və uzun müddət dəyişdirilməməsi, yağlı səthlərin, aspirasiya kanallarının və döşəmələrin düzgün təmizlənməməsi, orqanik tullantıların vaxtında çıxarılmaması, yüksək temperaturda yağların parçalanması nəticəsində uçucu maddələrin yaranmasıdır. Bu amillər birlikdə olduqda qoxu artıq təkcə estetik problem yox, gigiyenik nöqsan kimi qiymətləndirilir”.

Fərid Səfərov

Fərid Səfərov vurğulayıb ki, fast-food restoranlarında xoşagəlməz qoxular sanitar-texniki problemlərin göstəricisidir: “Qısa müddətli qoxuya məruz qalma adətən ciddi sağlamlıq riski yaratmır. Lakin baş ağrısı, ürəkbulanma, nəfəs yollarında qıcıqlanma, astma və allergiyası olan şəxslərdə simptomların artması, uzunmüddətli və daimi qoxu fonunda yağ buxarlarında olan maddələrin tənəffüsü kimi hallar dolayı sağlamlıq riskləri yarada bilər.

Fast-food restoranlarında xoşagəlməz qoxular normal hal deyil və sanitar-texniki problemlərin göstəricisidir. Bu, dərhal ciddi təhlükə yaratmasa da, qida təhlükəsizliyi baxımından nəzarət və yoxlama tələb edən məsələdir. Müştəri narazılıqları isə obyektin daxili nəzarət mexanizmlərinin və texniki xidmətin yetərli səviyyədə olmadığını göstərə bilər”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
79
icma.az

1Mənbələr