AZ

Foreign Policy: Rusiyanın hərbi satınalmaları Avropa üçün xəbərdarlıqdır...

Hətta Ukraynaya qarşı davam edən işğal fonunda belə Moskvanın hərbi-sənaye qərarları Avropaya yönəlmiş uzunmüddətli təzyiq strategiyasını açıq şəkildə ortaya qoyur...

Müəlliflər: Jacob Parakilas, Avropa Müdafiə, Təhlükəsizlik və Ədalət Qrupunun Tədqiqat Direktoru;
Pavel Şkurenko, Kiyev İqtisadiyyat Məktəbinin Sanksiyalar üzrə əməkdaşı
Foreign Policy nəşri

Hətta Ukraynaya qarşı davam edən işğal fonunda belə Moskvanın hərbi-sənaye qərarları Avropaya yönəlmiş uzunmüddətli təzyiq strategiyasını açıq şəkildə ortaya qoyur...

Ukraynaya qarşı davam edən işğal fonunda belə Rusiya Silahlı Qüvvələri pilotsuz uçuş aparatları, pilotlu aviasiya və hərbi gəmilər vasitəsilə Avropa müdafiəsini getdikcə daha tez-tez sınağa çəkir. Bu addımlar nə təsadüfi səhvlərdir, nə də sadə kəşfiyyat fəaliyyəti — məqsəd pozuntuları normallaşdırmaqdır. Hər belə “yoxlamanın” arxasında isə yenidən təchiz olunan və getdikcə daha səmərəli işləyən hərbi-sənaye maşını dayanır: buzlu sular üçün yararlı sualtı qayıqlar istehsal edən tərsanələr, uzaqmənzilli silah ehtiyatı toplamaq üçün üç növbədə çalışan raket zavodları və strateji miqyaslara qədər genişlənən partlayıcı maddə istehsal müəssisələri.

Moskvanın hərbi satınalma sahəsindəki qərarlarına daha diqqətlə baxış göstərir ki, Avropa niyə Ukraynadan xeyli kənara çıxan davamlı Rusiya təzyiqi kampaniyasına hazırlaşmalıdır. Avropa teatrı üçün ən mühüm olan hərbi-dəniz və raket sektorlarında üç narahatedici tendensiya aydın görünür: istehsal güclərinin sürətli artımı, strateji platformalara verilən açıq prioritet və qısamüddətli hərbi sıçrayışdan daha çox uzunmüddətli döyüş qabiliyyətinə yönəlmiş investisiyalar.

Əgər NATO reaktiv tədbirlərdən proaktiv və inandırıcı çəkindirmə siyasətinə keçməsə — yəni aydın “qırmızı xətlər”, cavab zərbələri imkanları və Ukraynanın pilotsuz sistemlər sahəsindəki innovasiyalarına davamlı dəstək formalaşdırılmasa — Moskva Kiyevə qarşı müharibənin hazırkı mərhələsi bitdikdən çox sonra da qarşıdurmanın şərtlərini diktə etməyə davam edəcək.

Rusiya Qara dəniz donanması Ukraynanın dəniz dronları və uzaqmənzilli zərbələri nəticəsində ciddi şəkildə zəiflədilib. Bundan əlavə, Bosfor boğazının “dar boğaz” effekti səbəbindən Rusiya bu itkiləri asanlıqla kompensasiya edə bilmir. NATO müttəfiqi olan Türkiyə 2022-ci ildən Montrö Konvensiyasına uyğun olaraq müharibə aparan dövlətlərin hərbi gəmiləri üçün boğazları bağlayıb və böyük ehtimalla bu rejim müharibənin sonunadək qüvvədə qalacaq.

Əgər Rusiya doğrudan da yalnız Ukraynaya fokuslansaydı, hərbi gəmiqayırmaya verilən prioritetin azalması və diqqətin quru sistemlərinə və aviasiyaya yönəlməsi məntiqli olardı. Lakin əksinə, sanksiyalara və xroniki səmərəsizliyə baxmayaraq, Rusiya tərsanələri Avropa üçün birbaşa təhlükə yaradan platformalara qəti şəkildə yönəlib. Buzlu sular üçün donanmalar, nüvə infrastrukturuna xidmət gəmiləri və dizel-elektrik sualtı qayıqları sifariş portfelində dominant mövqeyə çıxıb. Bu platformalar NATO-nun ən həssas dəniz dəhlizlərinə qanadlı raketlər və radioelektron mübarizə vasitələri daşımaq üçün nəzərdə tutulub. Əsas məqam isə odur ki, onlar ABŞ Hərbi Dəniz Qüvvələri ilə açıq okeanda rəqabət üçün deyil, “evə yaxın” və ilk növbədə Şimali Avropa sularında fəaliyyət üçün yaradılır.

2023-cü ildə Sankt-Peterburqdakı Baltik zavodu, Rusiya hərbi-dəniz gəmiqayırmasının flaqmanı təxminən 264 milyon dollar zərər göstərmişdi. Lakin cəmi bir il ərzində vəziyyət dəyişdi: müəssisə 41 milyon dollar mənfəətə çıxdı və dövlət hərbi sifarişləri axını əldə etdi. Bu sifarişlərə Arktikada fəaliyyət üçün nəzərdə tutulan, NATO-nun təlimlər keçirdiyi və Avropanın əsas sualtı kabellərinin kəsişdiyi bölgələrdə istifadə olunacaq nüvə obyektlərinə xidmət gəmiləri daxildir.

Baltik zavodunda polad istehlakı bir il ərzində 98 faiz, Vıborq gəmiqayırma zavodunda isə 2022-ci ildən bəri 93 faiz artıb ki, bu da Moskvanın dəniz potensialının bərpasını geniş miqyasda subsidiyalaşdırdığını göstərir. Paralel olaraq Sankt-Peterburq hakimiyyəti və əsasən dövlətə məxsus VTB bankının nəzarətində olan Birləşmiş Gəmiqayırma Korporasiyası şəhərin beş tərsanəsini vahid klasterdə birləşdirmək planını irəli sürüb. Modernləşmə üçün 2,6 milyard dollarlıq investisiyanın məqsədi sadədir: Rusiya gəmiqayırmasını daha sürətli, daha az həssas və genişmiqyaslı səfərbərliyə daha hazır etmək.

Nəticələr artıq görünür. “Admiralteyskiy verfi” atom olmayan sualtı qayıqların seriyalı istehsalını davam etdirir. Buraya 2024-cü ilin oktyabrında Sakit okean donanması üçün suya buraxılan 636.3 layihəli “Yakutsk”, eləcə də yenidən işlənmiş 677-ci layihə üzrə “Lada” sinfinə aid və 2024-cü ilin əvvəlində silahlanmaya qəbul edilən “Kronştadt” daxildir. Bu nisbətən kiçik dizel-elektrik sualtı qayıqları açıq okeanda iri atom qayıqları ilə müqayisədə zəifdir, lakin Şimal dənizi, Baltik və ya Aralıq dənizi kimi məhdud akvatoriyalarda ciddi təhlükə yaradır.

Rusiyanın həm sualtı, həm də suüstü kiçik döyüş gəmilərini uzaqmənzilli qanadlı raketlərlə təchiz etməsi Avropanın hava hücumundan müdafiə sistemindəki mövcud boşluqları daha da dərinləşdirir. Bu, rus komandirlərinə Avropa ərazisinin dərinliklərinə müxtəlif istiqamətlərdən dağıdıcı zərbələrlə hədələmək imkanı verir — Ukrayna şəhərlərinə və kritik mülki infrastruktura qarşı çoxistiqamətli hücumlar zamanı cilalanmış taktika.

Rusiyada raket istehsalı da 2023-cü ildən etibarən kəskin artıb. Bu, təkcə işğalçı qüvvələrin itkilərini bərpa etmək və Ukraynaya qarşı terror zərbələri endirmək niyyəti ilə izah olunmur. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya ayda 115–130 uzaqmənzilli raket sistemi istehsal edir. Bu temp saxlanılarsa, mövcud müharibənin dərhal ehtiyaclarını xeyli aşan ehtiyatların yığılmasına imkan yaradır.

İstehsal xətlərindən çıxan “Kalibr” qanadlı raketləri, X-101/102 aviasiya raketləri və “İskəndər” ballistik raketləri Avropa paytaxtlarını və NATO bazalarını təhdid edə bilir. Rusiya ordusunun Ukraynaya qarşı müntəzəm zərbələrdə nisbətən az sayda qanadlı və ballistik raketdən istifadə etməsi, əsas yükü ucuz “Şahed” tipli dronlara verməsi bu istehsal həcmlərinin indiki münaqişədən kənar əməliyyatlar üçün arsenal toplandığını göstərir.

“İskəndər” raketlərinin və qitələrarası ballistik raket komponentlərinin istehsalçısı olan Votkinsk maşınqayırma zavodunda avadanlığın modernləşdirilməsi və kadrların fəal cəlbi də bunu təsdiqləyir. Jurnalist araşdırmaları 2022-ci ildən bəri minlərlə yeni dəzgahın alınmasını və minlərlə əlavə işçinin işə götürülməsini sənədləşdirib, açıq vakansiyalar isə 2025-ci ildə də qalmaqdadır.

Eyni zamanda Rusiya Biysk oleum zavodunda ildə 6 min tonadək partlayıcı maddə istehsal edəcək yeni müəssisə inşa edir. Sursat istehsalçısı olan Sverdlov zavodu raketlərin döyüş başlıqları üçün kritik əhəmiyyət daşıyan trotil istehsalını artırmaq məqsədilə milyardlarla dövlət investisiyası alıb. “Almaz-Antey” konserninə daxil olan “Novator” konstruktor bürosu müharibənin əvvəlindən “Kalibr” və “İskəndər” raketlərinin fasiləsiz, sutkalıq istehsalına keçib. Krasnoyarsk maşınqayırma zavodu isə ağır RS-28 “Sarmat” qitələrarası ballistik raketinin seriyalı istehsalını genişləndirir; 2024-cü ildə müəssisənin infrastrukturunun genişmiqyaslı modernləşdirildiyi bildirilirdi.

Bu silahlar Moskvaya NATO üzərində təzyiqi artırmaq imkanı verəcək. “Kalibr” raketləri ilə silahlanmış Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri həm Baltik, həm də Aralıq dənizlərindən Avropa paytaxtlarını vurma məsafəsindədir. Rusiya uzaqmənzilli strateji bombardmançıları - onların bir çoxu adı çəkilən qanadlı raketləri daşımaq üçün yenidən təchiz olunub - mütəmadi olaraq Barens və Norveç dənizləri üzərində və yaxınlığında uçuşlar həyata keçirir. Bu uçuşlar NATO-nun şimal yanaşmalarını bir növ təlim meydanına çevirir və dəniz patrulları kimi Rusiyanın bölgədəki hərbi mövcudluğunu normallaşdırır.

Bombardmançılar və döyüş sursatları getdikcə potensial əməliyyat teatrına daha yaxın ərazilərdə, məsələn, Kola yarımadasında yenidən qurulmuş Severomorsk-2 aerodromunda yerləşdirilir. Bu, Rusiyaya Avropa hədəflərinə dərin zərbələr endirmək imkanını verir və onu müdafiə xarakterli, reaktiv mövqedə qalmaqdan çıxarır.

Rusiyanın sənaye potensialının genişləndirilməsi Avropaya təzyiqi ucuzlaşdırmaq və əməliyyat resursları baxımından uzunmüddətli qarşıdurmanı təmin etmək strategiyasından xəbər verir. Üstəlik, bu, eyni vaxtda qitə üzrə müxtəlif istiqamətlərdən hədəfləri təhdid etmək qabiliyyəti yaradır və Avropa müdafiəsinin strateji dilemmasını qat-qat mürəkkəbləşdirir.

Hərbi-dəniz və raket sahələrində Moskva NATO-nun birliyini sınaqdan keçirir və alyansın reaksiyasının sərhədlərini yoxlayır. Qırıcıların həyəcan siqnalı ilə qaldırılması, hava məkanının bağlanması və ya nəticəsiz bəyanatlar kimi məhdud tədbirlər yalnız bu cür addımların daha geniş miqyasda təkrarlanmasını təşviq edir. Bunun əvəzinə NATO və Aİ “qırmızı xətləri” aydın müəyyənləşdirməli və onların icrasını təmin etməli, hava hücumundan müdafiəni real cavab zərbəsi imkanları ilə birləşdirməli və Ukraynanın texnoloji üstünlüyünü dəstəkləməlidir.

“Qırmızı xətlər” press-relizlər deyil, işlək qaydalar olmalıdır. NATO pozuntulara avtomatik reaksiyaları açıq şəkildə müəyyən etməlidir: pilotsuz aparatlar standart olaraq vurulmalı, müəyyən zonalara hərbi-dəniz qüvvələrinin girişi qadağan edilməli, pozuntulara yardım edənlərə qarşı sanksiyalar 48 saat ərzində tətbiq olunmalıdır. Pozuntular proqnozlaşdırılan və avtomatik xərclərə yol açmalıdır. Alyans artıq mövqeyində dəyişiklik siqnalları verməyə başlayıb — bu, doğru istiqamətdə atılan ilk addımdır, lakin hələ kifayət deyil.

Çəkindirmə müdafiə ilə yanaşı hücum potensialının da olmasını tələb edir. Sensorlar, radioelektron mübarizə vasitələri və nöqtəvi HHM-dən ibarət “dron divarı” vacibdir, lakin yetərli deyil — Avropa üzrə daha inteqrə olunmuş hava və raketdən müdafiə sistemi də eyni dərəcədə önəmlidir. Effektiv çəkindirmə cavab zərbəsi endirmək qabiliyyətini tələb edir. Avropa paytaxtları uzaqmənzilli zərbə variantlarını — qanadlı raketlər, zərbə dronları və ya kiberimkanlar — açıq şəkildə müzakirə etməlidir ki, sabotaj və pozuntuların qiyməti artsın. Etibarlı hücum gücü Moskvanın hesablamalarını dəyişir.

Nəhayət, Avropa pilotsuz sistemlər sahəsində faktiki olaraq ön cəbhə müdafiə laboratoriyasına çevrilmiş Ukraynanın innovasiyalarını dəstəkləməlidir. Kütləvi istehsal, sürətli adaptasiya və döyüş şəraitində sınaqlara əsaslanan Ukrayna dron ekosistemi Avropanın ehtiyac duyacağı imkanları formalaşdırır. Bu innovasiyaların maliyyələşdirilməsi xeyriyyəçilik deyil — təzyiq NATO ərazisinə keçəndə Avropanın hazır alət və taktikalara sahib olması üçün sərmayədir.

Rusiyanın hərbi-dəniz və raket gücünün artımı Ukraynaya qarşı işğal təcrübəsi əsasında formalaşıb, lakin risk onun hüdudlarından xeyli kənara çıxır. Bu proses artıq Avropanın təhlükəsizlik arxitekturasını dəyişir. Rusiyanın sənaye investisiyaları Avropa ərazisinə birbaşa yönəlmiş məcburetmə alətləri yaradır. Avropa öz “qırmızı xətlərini” aydın şəkildə müəyyənləşdirməkdən yayınmaqda davam edərsə, ssenarini yazan tərəf yenə də Moskva olacaq.

Tərcümə Poliqon-a aiddir

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr