Dani Alves 2023-cü ilin yanvarında İspaniyada həbsxanaya salındı. Braziliyalını 4 ildən 12 ilə qədər həbs gözliyirdi: adı çəkilməyən qız Barselonadakı gecə klublarının birində yeni il ərəfəsində keçirilən şənlikdə futbolçunun onu zorladığını bildirdi.
Dani Alves heç də ən yaxşı müdafiə strategiyası seçmədi – ifadələri bir-birindən hədsiz çox fərqlənirdi. Əvvəlcə həmin qızı tanımadığını dedi, sonra etiraf etdi ki, tanışdılar, ancaq arada cinsi əlaqə olmayıb. Nəhayət, sonda futbolçu iddia etməyə başladı ki, qız özü tualetdə onun üzərinə atılıb, heç bir günahı yoxdu.
Sonradan Alves istintaqı çətinə salmasının səbəblərini də qəribə şəkildə izah etdi: guya həmin qızı müdafiə etmək istəyirmiş: “Həqiqət ondan ibarətdi ki, mən, sadəcə, bu qızı qorumaq istəyirdim. O, birbaşa üzərimə cumdu. Ona toxunmamışam”. Hərçənd çoxları belə hesab edir ki, Dani xəyanət məqamını yaxın buraxmamaqla nigahını qorumaq istəyib.
Həmin olaydan sonra Alvesin həyatı bir anda dəyişdi: Meksika “Pumas”ı onunla müqaviləni pozdu, xanımı onu müdafiə etməyərək həmin qızın tərəfini tutdu, boşanma ərizəsi verdi, sabiq dostları və həmklubları isə məşhur futbolçu ilə əlaqəni kəsdi. Elə maliyyə problemləri də üzə çıxdı: oyunçunun əvvəlki nigaha görə aliment və ödənməmiş vergilər üzrə çoxlu borcunun olduğu bilindi. “Marca” bütün yaşananların fonunda braziliyalı ulduzun intihara meyillənməsi ilə bağlı xəbər yaydı: məhkumlardan biri demişdi ki, həbsxana gözətçiləri Alvesin kamerada özünə xətər yetirməməsi üçün ona ciddi şəkildə nəzarət edir.
Alves 4,5 illik həbs cəzasına məhkum olunsa da, yaxınlarda girov müqabilində azadlığa çıxıb. Müflis futbolçu bunun üçün pulu hardan tapıb – məlum deyil. Əvvəlcə şayiələr gəzirdi ki, Alvesə maliyyə baxımından Neymarın atası yardım edib – özünün hüquq şirkəti vasitəsi ilə braziliyalıya vəkil ayırıb, həmçinin kompensasiya ödəmək üçün pul verib. Ata Neymar bununla bağlı iddialara belə cavab verdi: “Hamıya məlum olduğu kimi, mən əvvəllər Dani Alvesə yardım etmişəm. Onda heç bir məhkəmə iddiası yox idi. Əvvəlkindən fərqlənən indiki vəziyyətdə isə adamlar manipulyasiya edir, mənim və oğlumun adını bizdən asılı olmayan məsələ ilə bağlayırlar. Ümid edirəm ki, Dani ailəsi ilə birgə bütün suallara cavab tapacaq. Mənim üçün, ailəm üçün bu məsələ bitib. Nöqtə”.
Sonradan insayderlərdən birinin yazdığına görə, Alvesin azadlığa çıxması üçün lazım olan girov məbləğini Memfis Depay ödəyib. Tərəflər bu xəbəri şərh etmədi. Ancaq ən vacib məqam odu ki, braziliyalı apellyasiya verdi və artıq 2025-ci ilin martında onun üzərindən bütün ittihamlar götürüldü. İstintaq belə hesab etdi ki, bu işlə bağlı təzadlar və üst-üstə düşməyən məqamlar var.
Hər şeydən belə görünür ki, Dani İspaniyada yaşamağa davam edəcək. Ondan başlayaq ki, braziliyalı ulduz xanımı Joana Sans ilə barışıb – sabiq futbolçu girov müqabilində azadlığa çıxan kimi onlar münasibətləri bərpa edib. Hətta bu ilin oktyabrında cütlüyün oğlu da dünyaya gəlib. Ailə ilk övladın adını hələ də açıqlamayıb, sadəcə, uçağın adının J hərfi ilə başladığı bəllidi.
Hüquq-mühafizə orqanları ilə bütün problemləri həll edəndən sonra braziliyalı ciddi şəkildə dinə üz tutdu – Alves sosial şəbəkə hesablarında müntəzəm yeni fotolarını paylaşır, həmin paylaşımları isə “Bibliya”dan götürülən dualar və sitatlar müşayiət edir. Yaxınlarda internetdə hətta Alvesin vaiz rolunda çıxış etdiyini göstərən çarx da yayılıb.
Video Jironadakı yevangelist kilsəsində lentə alınıb. Bu dini cərəyan Azərbaycanda "pentekostalizm" kimi tanınır - yeri gəlmişkən, inananların sayına görə Braziliyada klassik katoliklikdən sonra ikinci ən böyük hərəkatdı. Alvesin daimi əsasda vaiz olub-olmadığı, yoxsa, sadəcə, bir dəfə çıxış etməyə dəvət olunduğu hələ də bəlli deyil.
İndi isə Dani Alves futbola dönüşünü planlaşdırır. Bugünlərdə braziliyalının Portuqaliyanın 3-cü divizionunda çıxış edən “San-Juan-de-Ver” klubunu almaq variantını gözdən keçirməsi ilə bağlı şayiələr yayılıb. Ancaq Alves təkcə idarəçi olmağı planlaşdırmır – həm də yaxın 6 ay ərzində futbolçu kimi yaşıl meydana dönmək fikrindədi.
Xatırladaq ki, Daninin artıq 42 yaşı var. Belədə ən yüksək səviyyəyə dönməsi mümkün deyil. Hətta futbola qayıdışı alınmasa belə, indi sabiq futbolçunun durumu pis deyil. Ailəsi, uşağı, milyonlarla fanatı və arxada qalan böyük karyerası var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta