AZ

Britaniyanın məlumat tənzimləyicisi X platformasından izahat tələb edib

London, 7 yanvar, AZƏRTAC

Böyük Britaniyanın məlumatların qorunmasına nəzarət edən qurumu olan İnformasiya Komissarlığının Ofisi (ICO) bildirib ki, İlon Maskın sahibi olduğu X sosial media platformasında istifadə edilən “Grok” adlı süni intellekt alətinin görüntü yaratma funksiyası ilə bağlı yaranan narahatlıqlar fonunda platforma rəhbərliyinə müraciət edib.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə qurum açıqlama yayıb. Qeyd olunub ki, X patformasından Böyük Britaniyanın məlumatların qorunması qanunvericiliyinə necə əməl olunduğu barədə aydınlıq gətirməsi istənilib. Söhbət platformada daxili süni intellekt botu olan “Grok” vasitəsilə yaradılan məzmundan gedir.

ICO-nun bəyanatında vurğulanıb ki, istifadəçilər sosial mediadan yararlanarkən şəxsi məlumatlarının qanuni və hörmət çərçivəsində emal olunduğuna əmin olmaq hüququna malikdirlər.

“İnsanların şəxsi məlumatlarının qanuni və hörmətlə idarə edildiyini bilməklə sosial mediadan istifadə etmək hüququ var. “Grok” tərəfindən yaradılan məzmunla bağlı ciddi narahatlıq doğuran məlumatlardan xəbərdarıq”,- deyə açıqlamada bildirilir. Hələ ki, X platforması və xAI məsələ ilə bağlı rəsmi cavab verməyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
101
azertag.az

1Mənbələr