Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Qlobal aktorlar daima güclərini artırmaq və təsir coğrafiyalarını genişləndirmək uğrunda savaşıblar. Venesuelada yaşananlar bu çərçivədə yeni dünya nizamının formalaşma prosesinin bir parçası, həmçinin təsir areallarının yenidən bölüşdürülməsi kimi dəyərləndirilə bilər. Belə ki, Soyuq Müharibə dövründə tamamilə ABŞ-ın təsiri altında olan Venesuelada 1999-cu ildə Huqo Çavezin hakimiyyətə gəlməsindən ən son hadisələrədək Rusiya ilə, daha sonrakı dövrdə Çinlə münasibətlər strateji olaraq dərinləşməyə başladı”.
Bu barədə Bizimyol.info xəbər portalına Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Şəhla Cəlilzadə bildirib ki, Rusiya ötən dövrdə bu ölkədə mühüm hərbi-siyasi-iqtisadi təsir imkanları əldə etdi, Rosneft dünyanın bir nömrəli neft ehtiyatlarına sahib olan ölkənin enerji sektorunda söz sahibi və əsas payçı oldu.
Şəhla Cəlilzadə
Politoloq qeyd edib ki, Ukrayna müharibəsi səbəbilə ABŞ-nin və ümumilikdə, Qərbin tətbiq etdiyi sanksiyalara məhəl qoymayan Maduro ötən ilin noyabrında Rusiya ilə enerji əməkdaşlığını 2041-ci ilədək uzatmağı qərara almış, həbs olunduğu gün Çinin xüsusi nümayəndəsi ilə əməkdaşlıq görüşü keçirməkdə idi: “Venesuelanın silah tədarükündə Rusiya 60-70%-lik mühüm paya sahib idi. Rusiyanın Venesuelaya təsiri o dərəcədə güclü idi ki, Abxaziya və Şimali Osetiyanın 2008-ci ildə Rusiya tərəfindən işğal edilməsindən sonra bu qondarma “dövlətləri” tanıyan beş ölkədən biri Venesuela (digərləri Rusiya, Suriya, Nikaraqua, Nauru) idi. Göründüyü kimi, “təsir zonası”nda olmaqla xarici siyasət suverenliyini itirmək demək olar ki, eyni mənanı daşıyır. Yaxud bunu müttəfiq ölkələrin xarici siyasətinin eyniləşdirilməsi kimi də xarakterizə etmək olar”.
“Hazırda bir çox Avropa ölkələri və ABŞ-ın yaxın müttəfiqləri Venesuelaya hücumun və prezidentinin alçaldıcı şəkildə ələ keçirilməsinin beynəlxalq hüquq normaları aspektindən qanunazidd olmasına baxmayaraq, buna haqq qazandırmağa çalışır. Onlar Maduronun Venesuela xalqının legitim seçimi olmadığı, korrupsiyaya və cinayətə bulaşmış idarəetmə ilə ölkəni xaosa sürüklədiyi üçün bu şəkildə “sonluğa” layiq olduğunu iddia edirlər. Lakin bu məsələdə dünyanın, hətta Qərb ölkələrinin də fikirləri bir-birindən fərqlənir. Məsələn; Şimal dövlətləri hadisələrə daha "soyuq" və beynəlxalq hüquq aspektindən yanaşaraq, ABŞ-nin hücumunu qınadılar, hətta İslandiya Xarici işlər naziri bu məsələyə dair sərt mövqe ortaya qoydu. O cümlədən, ümumAvropa siyasi xəttindən fərqli, daha balanslı mövqe tutan Slovakiya Baş naziri Fitsonun ABŞ-nin Venesuelaya hücumuna dair sərt açıqlamalarını qeyd etmək olar. Beləliklə, bu hücuma beynəlxalq reaksiyaların təhlili əsasında biz hazırki qlobal kamplaşmanın tərəflərini görə bilərik. İslandiyanın, Danimarkanın narahatlıqları daha çox Arktika və Qrelandiya ilə bağlı milli təhlükəsizlik qayğılarından irəli gəlirsə, digər ölkələrin, xüsusilə Qlobal Cənubun mövqeyi daha çox ABŞ-nin ənənəvi imperial-müdaxilə siyasətinə qarşı özünü müdafiə instiktindən irəli gəlir”-deyə Şəhla Cəlilzadə bildirib.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.