AZ

Prezident Fələstin məsələsinə aydınlıq gətirdi: əsgərimiz Qəzzaya getmir…

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Prezident İlham Əliyev yerli tekenalallara müsahibəsində Azərbaycanın Qəzzaya sülhməramlı göndərməsi haqda yayılan məlumatlara, o cümlədən, Fələstin məsələsinə aydınlıq gətirdi. Fələstinlə bağlı məsələdə Azərbaycana qarşı zaman-zama qərəzli kampaniyanın aparılması fonunda dövlət başçısının açıqlamaları xüsusi əhəmiyyət daşıyırdı. Çünki Qəzzaya sülhməramlıların göndərilməsi ilə bağlı beynəlxalq müzakirələrdə Azərbaycanın adı hallanır, bəzən də rəsmi Bakının qərar verdiyi haqda iddialar irəli sürülürdü.Prezident bəyan etdi ki, Azərbaycan dövləti öz hərbçilərinin həyatını kiminsə naminə riskə atmayacaq.“Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”, - dövlət başçısı bildirdi.Bu o deməkdir ki, Azərbaycan təhlükəsizliyin mövcud olmadığı Qəzzaya əsgər göndərməyəcək. Prezidentin bu qərarı doğru yanaşmadır, Qəzadakı vəziyyətə baxdıqda bunu daha aydın görmək olar.Hazırda Qəzzada İsrail və HƏMAS arasında qarşıdurma davam edir. Doğrudur, tərəflər ABŞ prezidenti Donald Trampın “20 bəndlik sülh planı”nın birinci mərhələsinə razılaşdılar və plana uyğun olaraq girovların azad edilməsi baş tutdu. Bu ona görə baş verdi ki, girovların azad edilməsi hər iki tərəfin marağında idi. Planın növbəti mərhələsi isə nə HƏMAS, nə də İsrail tərəfindən qəbul edilmir. Çünki plana görə HƏMAS tərkisilah edilməlidir, İsrail qoşunları isə bölgədən geri çəkilməlidir. Qəzzanın idarəçiliyini beynəlxalq mandat həyata keçirəcək. HƏMAS silahı yerə qoymaq istəmədiyi kimi, İsrail də geri çəkilmək istəmir. Bu da Qəzzada sülhə mane olur. Belə vəziyyətdə Azərbaycan əsgərinin bölgəyə göndərilməsi atəşin altına atılması olacaq. Prezident İlham Əliyev bunun olmayacağını bəyan etməklə məsələni gündəmdən çıxartdı. Bundan sonra Azərbaycanın sülhməramlı əməliyyatda iştirakı Qəzadakı vəziyyətdən asılı olacaq. Əgər bölgədə tərəflər – İsrail və HƏMAS razılaşarsa, təhlükəsiz şərait yaranarsa, rəsmi Bakı bu haqda düşünə bilər. Lakin yenə də Azərbaycan əsgərləri döyüş əməliyyatlarında yox, strateji obyektlərin qorunmasında iştirak edə bilər, Əfqanıstanda, İraqda və Kosovada olduğu kimi.Dövlət başçısı da bildirdi ki, Qəzza sektorunda kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil: “Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar olması - ingiliscə deyildiyi kimi, “peacekeeping” və ya “peace enforcement” olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq. Əfqanıstanda bizim sülhməramlı missiyamıza gəldikdə, xoşbəxtlikdən və o cümlədən mövqeyimiz sayəsində bizim heç bir zərərçəkənimiz olmadı. Yəni bütün bu illər ərzində qurban vermədik, məhz ona görə ki, öz funksiyamızı strateji obyektlərin qorunmasında görürdük. Biz heç vaxt döyüş əməliyyatlarında iştirak etmədik və Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur”.Qəzzada mövcud vəziyyət Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak prinsiplərinə uyğun deyil. Azərbaycanın bölgəyə dəstəyi yalnız humanitar yardımların edilməsi çərçivəsində mümkün ola bilər. Qəzzada sülhün təmin edilməsi, ümumiyyətlə bu problemin həlli ərəb ölkələrinin gündəmi olmalıdır. Prezident də bəyan etdi ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir.“Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz” – Prezident bildirib.Bu, olduqca doğru yanaşmadır. Çünki Ərəb Dövlətləri Liqasında 20-dən çox ərəb ölkəsi təmsil olunur və ilk öncə bu ölkələr hərəkət keçməlidir. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və digər ölkələrin mövqeyi nəzərə alınmalıdır. Qeyri-ərəb müsəlman ölkələrin prosesdə aktivlik nümayiş etdirməsi heç də məqbul deyil. Azərbaycanın Fələstinlə bağlı siyasəti də məhz bu prinsiplərə əsaslanır.Azərbaycan Fələstin dövlətini tanıyır. Hazırda Bakıda Fələstin səfirliyi məhz Azərbaycan dövlətinin maliyyə yardımı ilə fəaliyyət göstərir. Azərbaycan tərəfindən Fələstin dövlətinə maliyyə yardımı da davam edir. Bununla yanaşı, rəsmi Bakı BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman Fələstini dəstəkləyib, münaqişənin “iki dövlət prinsipi” ilə həllini qəbul edib. Mövcud şərtlərdə Azərbaycan Fələstin məsələsində ən doğru yanaşmanı sərgiləyən ölkələrdəndir.Vaqif Hüseynli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
42
demokrat.az

1Mənbələr