AZ

Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açılıb – ŞƏRH

Tbilisi, 7 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti ənənəvi olaraq bu ilin əvvəlində də yerli televiziyalara müsahibə verərək, 2025-ci ilin yekinlarından danışdı, qazanılan uğurların tarixi əhəmiyyətini qeyd etdi. Prezident İlham Əliyevin müsahibəsində 2025-ci il avqusutun 8-də Vaşinqtona səfəri və bu səfər çərçivəsində qazanılan tarixi uğur da xüsusi qeyd olundu.

Son illərdə təhlükəsizlik, sabitlik, Cənubi Qafqazda sülh, iqtisadi imkanlar, investisiyalar, enerji təhlükəsizliyi və digər sahələrdə çox mühüm tarixi hadislərin şahidi oluruq. Bu xüsusda dövlətimizin başçısının ABŞ səfəri diplomatik uğurlarla yadda qaldı. Həmin səfər zamanı Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində mühüm addım atıldı. “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu”nun imzalanmasının özü böyük diplomatik qələbədir. Görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin fəaliyyətinin dayandırılması barədə sərəncamın imzalanması da səfərin uğurlu nəticələrindən sayılmalıdır.

ABŞ səfəri Ermənistan-Azərbaycan normallaşma prosesi kontekstində mühüm nəticələrlə əlamətdar oldu. Ağ Evdə Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin sammitinin keçirilməsi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması, ATƏT-in Minsk qrupu və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubunun imzalanması ABŞ səfərinin uğurlu yekunudur.

Vaşinqton razılaşmalarından sonra qarşılıqlı etimad mühitinin yaradılması istiqamətində də müsbət addımlar atılıb. Son illərdə ilk dəfə olaraq ölkəmizə məxsus mülki təyyarə İrəvan hava limanına eniş edib. Belə ki, İrəvanda və Bakıda Azərbaycan və Ermənistan qeyri-hökumət təşkilatları nümayəndələrinin görüşləri təşkil olunub. Həmçinin Azərbaycan ərazisindən yük qatarlarının Ermənistana keçidi baş tutub. Azərbaycandan neft məhsulları daşıyan ilk yük qatarının Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərilməsi də məhz sülh yolunda atılan addımlardır.

Sülh prosesini inkişaf etdirmək üçün ən vacib məqamlardan biri Zəngəzur dəhlizinin ən qısa zamanda reallaşmasıdır.

Vaşinqton sammitində bu istiqamətdə də tarixi addım atdıldı. Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu” (TRIPP) layihəsi üzrə razılıq əldə olundu.

Bir sözlə, 2025-ci il avqustun 8-də Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açıldı. Həmin gün həm də regionda sülhün bərqərar olması yolunda əlamətdar tarix kimi xatırlanacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi
Seçilən
97
azertag.az

1Mənbələr