Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakının bir sıra küçələrində yeni yol nişanlarının quraşdırılması sürücülər arasında geniş müzakirələrə səbəb olub. Bu nişanlar sürücülərə işıqforun qırmızı işığında sağa dönməyə icazə verir və bir növ “daimi sağa dönmə seksiyası” funksiyasını yerinə yetirir. Bununla belə, bəzi sürücülər yeni nişanın çaşqınlıq yaratdığını, qaydanın tam aydın olmadığı üçün tərəddüd etdiklərini bildirirlər. Məsələn, İnqilab İsmayılov küçəsinin Zığ şossesinə birləşən hissəsinə quraşdırılan həmin nişan bir çox sürücünün diqqətini çəkib və bəziləri yollarda belə göstəriciyə ilk dəfə rast gəldiklərini deyir.
Burada maraqlı məqam ondan ibarətdir ki, sözügedən nişan əslində yeni qayda deyil. Sadəcə olaraq, bizim yol infrastrukturunda son dövrlər tətbiq edilməyə başlayıb. Halbuki sürücülük imtahanına hazırlaşan hər kəsin istifadə etdiyi vəsaitlərdə bu işarə mövcuddur və suallarda tez-tez qarşıya çıxır. O zaman sual yaranır. Sürücülük vəsiqəsi almış, illərdir avtomobil idarə edən şəxslər üçün bu nişan niyə “yeni və anlaşılmaz” təsiri yaradır?
Bu, təkcə nişanın tətbiqi ilə bağlı məsələ deyil, daha geniş problemin göstəricisidir. Yollarda qaydanı kitabdan yox, yalnız təcrübədən tanıyan, bəzi işarələri isə ümumiyyətlə görməmiş sürücü obrazlarının çoxluğunu sübut edir.
Bir çox sürücü isə sürücülük vəsiqəsi aldıqdan sonra qaydaları yeniləməyə, dəyişiklikləri izləməyə maraq göstərmir. Yol hərəkəti qaydaları isə yaşayan, dəyişən, yenilənən sistemdir. Dünya təcrübəsində qırmızıda sağa dönməyə icazə verən nişanlar həm yolun keçid qabiliyyətini artırmaq, həm də tıxacları azaltmaq üçün geniş tətbiq olunur. Lakin bunun işləməsi üçün sürücülər qaydanın mahiyyətini bilməli, piyada və digər nəqliyyat vasitələrinin üstünlüyünü nəzərə almalı, təhlükəsizlik prinsipinə ciddi əməl etməlidirlər.
Digər tərəfdən, marifləndirmə işi də yetərincə güclü aparılmalıdır. Yeni yol nişanı quraşdırılırsa, həm sürücülərə, həm də ictimaiyyətə bunun izahı verilməli, qaydalar dolğun şəkildə çatdırılmalıdır. Çünki yol təhlükəsizliyi yalnız cərimə və inzibati tədbirlərlə deyil, həm də maarifləndirmə və şüur formalaşdırılması ilə təmin olunur.
“Nişan yeni deyil, lakin sürücülər üçün yenidir” kimi paradoksal vəziyyət ortaya çıxır. Bu isə göstərir ki, təkcə yollar yenilənməməlidir, sürücülərin bilik və yanaşmaları da müasir tələblərə uyğun təzələnməlidir. Əks halda, istəyimiz qədər innovativ yol nişanları tətbiq edək, onları düzgün anlamaq və tətbiq etmədikdən sonra nəticə yenə də qarışıqlıq olacaq. Bu proses həm yol polisinin, həm müvafiq qurumların, həm də ən əsası, hər bir sürücünün məsuliyyətli yanaşmasını tələb edir.
Leyla Mirzə, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.