ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son bir ay ərzində Bakıxanov qəsəbəsində yerləşən mərkəzi poliklinikaya 65 nəfərin it dişləməsi ilə müraciət etməsi artıq təhlükənin ciddiliyini göstərən rəqəmdir. Bu, təsadüf və ya bir neçə günün problemi deyil, sistemli şəkildə artan riskin göstəricisidir. Üstəlik, məsələ təkcə Bakıxanovla məhdudlaşmır. Bakının bir çox qəsəbə və rayonlarında insanlar hər gün sahibsiz itlərin yaratdığı təhlükə ilə üz-üzə qalır. Valideynlər uşaqlarını məktəbə narahatlıqla yola salır, sakinlər səhər tezdən işə gedərkən küçələrdə sürü halında dolaşan itlərlə rastlaşmaqdan çəkinirlər. Bu vəziyyət insanların təhlükəsizlik hissinə ciddi təsir göstərir və cəmiyyətin haqlı narazılığına səbəb olur.
Digər tərəfdən heyvansevərlərin narahatlığını da görməmək mümkün deyil. Onlar baş verən hər belə müzakirədə eyni qorxunu yaşayırlar problemin həlli adı altında sahibsiz itlərin incidilməsi, məhv edilməsi təhlükəsi. Çünki təəssüf ki, bəzi hallarda ən asan yol kimi məhz bu üsul seçilir. Halbuki həm insanların təhlükəsizliyini təmin edən, həm də heyvanların hüquqlarını qoruyan sivil və humanist həll yolları mövcuddur. Dünyanın bir çox ölkələrinin təcrübəsi göstərir ki, sahibsiz it problemini yalnız güc tətbiqi ilə həll etmək mümkün deyil və bu, nə mənəvi, nə də səmərəli yol sayılır.
Xarici təcrübə sübut edir ki, mərhələli və sistemli yanaşma ən effektiv nəticəni verir. Türkiyə, İtaliya, Rumıniya və Hindistanın bəzi böyük şəhərlərində “Tut – Peyvənd Et – Kastrasiya Et – Azad Burax” modeli tətbiq olunur. Bu model çərçivəsində sahibsiz itlər tutulur, xəstəliklərə qarşı peyvənd edilərək tibbi müayinə olunur, sonra sterilizasiya edilərək, nəzarətsiz artmasının qarşısı alınır və identifikasiya nişanı vurularaq yaşayış mühitinə qaytarılır. Nəticədə həm quduzluq və digər xəstəlik riskləri azalır, həm də yeni doğumların qarşısı alındığı üçün itlərin sayı tədricən minimum səviyyəyə düşür. Paralel olaraq müasir standartlara cavab verən sığınacaqlar fəaliyyət göstərir, heyvanların sahibləndirilməsi üçün xüsusi proqramlar həyata keçirilir, ev heyvanını tərk edən şəxslər ciddi cərimə edilir.
Azərbaycanda da bu problemin köklü həlli məhz sistemli yanaşmadan keçir. İlk növbədə real statistika hazırlanmalı, riskli ərazilər müəyyən edilməli, genişmiqyaslı sterilizasiya və peyvənd proqramları həyata keçirilməli, humanist prinsiplərlə işləyən sığınacaqlar qurulmalıdır. Dövlət qurumları, heyvansevər təşkilatlar və səhiyyə strukturları bu məsələdə rəqib deyil, tərəfdaş olmalıdır. Çünki bu problem nə yalnız insanların təhlükəsizlik məsələsidir, nə də sadəcə heyvan hüquqları mövzusudur. Bu, eyni zamanda şəhər idarəçiliyi, sosial məsuliyyət və cəmiyyətin humanist dəyərlərə münasibəti məsələsidir.
Sahibsiz it problemi yalnız emosiyalarla yox, ağıllı, planlı və humanist yanaşma ilə həll oluna bilər. Əgər doğru mexanizmlər işə salınarsa, həm insanların təhlükəsizliyi təmin edilər, həm də dilsiz-ağızsız heyvanların qırğınlara məruz qalmasının qarşısı alınar. Bu isə yalnız düzgün qərarlar və ardıcıl siyasət tələb edir.
Leyla Mirzə, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.