AZ

İtaliyalı politoloq: Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakını etibarlı tərəfdaş kimi möhkəmləndirir

Bakı, 7 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Prezident İlham Əliyevin son bəyanatları Azərbaycanın Avrasiya nəqliyyat dəhlizlərində strateji mərkəz kimi artan rolunu təsdiqləyir. Xüsusilə mövcud geosiyasi qeyri-sabitlik şəraitində bəzi ənənəvi marşrutların daha az təhlükəsiz və ya dayanıqsız hala gəlməsi fonunda bu rol daha aydın görünür. Coğrafi mövqeyi və logistika infrastrukturuna yönəlmiş məqsədyönlü investisiyalar sayəsində Azərbaycan bu gün Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas qovşaqlardan biri kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a Azərbaycan Prezidentinin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəni şərh edərkən İtaliyanın Beynəlxalq Siyasi və İqtisadi Araşdırmalar İnstitutunun rəhbəri, jurnalist və politoloq Domeniko Letitsiya bildirib.

Onun sözlərinə görə, Trans-Xəzər marşrutunun möhkəmləndirilməsi və Orta Dəhlizin inkişafı Bakının malların, enerji resurslarının və rəqəmsal bağlantıların tranziti üçün etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir: “Tədarük zəncirlərinin təhlükəsizliyi və enerji mənbələrinin şaxələndirilməsinin Avropa üçün prioritet olduğu bir dövrdə Azərbaycanın sabitliyi və etibarlılığı strateji əhəmiyyət kəsb edir.

Məqsədəuyğun olardı ki, Avropa İttifaqı və üzv dövlətlər artım, əlaqəlilik və Avrasiya əməkdaşlığı üzrə birgə inkişaf trayektoriyalarını dəstəkləmək məqsədilə Bakı ilə siyasi və iqtisadi dialoqu, o cümlədən “Şərq tərəfdaşlığı” kimi çoxtərəfli platformalar vasitəsilə daha da gücləndirsinlər”, – deyə italiyalı politoloq fikrini yekunlaşdırıb.

Seçilən
83
1
azertag.az

2Mənbələr