AZ

Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm və strateji həlqələrindən biridir - ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibələrdə vurğuladığı kimi, Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm və strateji həlqələrindən biridir. Bu dəhliz təkcə regional deyil, həm də qlobal nəqliyyat və logistika xəritəsində mühüm yer tutur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər Cənubi Qafqazda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıq formalaşdırıb.

“Həmin reallığın əsas sütunlarından biri məhz Zəngəzur dəhlizidir. Bu gün beynəlxalq müzakirələrdə “Tramp yolu” – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) kimi də qeyd olunan bu marşrut aparıcı dünya siyasətçilərinin və iqtisadçılarının diqqət mərkəzindədir. Azərbaycan şərq ilə qərb, şimal ilə cənub arasında unikal tranzit mövqeyə malik ölkədir. Nəqliyyat-logistika potensialının genişləndirilməsi istiqamətində atılan ən mühüm addımlardan biri də Zəngəzur dəhlizidir. Artıq dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində – Ağbəndə qədər – bütün zəruri infrastruktur artıq tam hazırdır. Paralel olaraq, Naxçıvan istiqamətində təxminən 190 kilometr uzunluğunda dəmir yolunun bərpası sürətlə həyata keçirilir. Zəngəzur dəhlizi ilk növbədə Azərbaycan xalqı üçün tarixi ədalətin bərpası deməkdir. Bu layihə Naxçıvan Muxtar Respublikası ilə ölkənin əsas hissəsi arasında quru nəqliyyat əlaqəsini bərpa edir ki, bu da xalqımızın danılmaz tarixi haqqıdır. Eyni zamanda, qardaş Türkiyə ilə strateji əlaqələr daha da möhkəmlənir, Azərbaycanın Avropaya çıxış imkanları genişlənir”, - deyə deputat əlavə edib.

Aydın Hüseynov qeyd edib ki, dəhliz yalnız Azərbaycan üçün deyil, region ölkələri, o cümlədən Ermənistan üçün də mühüm iqtisadi perspektivlər yaradır. Belə ki, dənizlərə çıxışı olmayan Ermənistan uzun illər işğalçı siyasəti nəticəsində regional enerji və nəqliyyat layihələrindən kənarda qalıb, bununla da öz iqtisadi inkişaf imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Çin yüklərinin Avropaya daşınmasında Zəngəzur dəhlizinin mühüm strateji rol oynadığını sözlərinə əlavə edən deputat Avropadan şərqə, eləcə də Mərkəzi Asiya ölkələrindən qərb istiqamətinə daşınan yüklər üçün bu dəhlizin alternativ və səmərəli marşrut olduğunu qeyd edib: “Dəhlizin illik təxminən 25 milyon ton yükdaşıma potensialı onun iqtisadi əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Zəngəzur dəhlizinin reallaşması regionda təhlükəsizliyin möhkəmlənməsinə, iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə, həmçinin turizm sektorunun inkişafına mühüm töhfə verəcək. Azərbaycan alternativ nəqliyyat imkanlarını da paralel şəkildə inkişaf etdirir. İran üzərindən Naxçıvan və Türkiyə ilə əlaqələrin qurulması, eləcə də Naxçıvan–Qars dəmir yolunun çəkilməsi regional nəqliyyat şəbəkəsini daha da genişləndirir. Bu layihələr Avropa ilə şərq, həmçinin şimal–cənub və şimal-şərq istiqamətlərində yükdaşımaların artırılmasında Azərbaycanın rolunu daha da gücləndirir”.

 

Seçilən
69
1
azertag.az

2Mənbələr