Bu sürpriz qərar hələ də futbol ictimaiyyətində müzakirə mövzusu olmaqda davam edir. Hər iki təcrübəli isim mövsümə komandanın 1-ci və 2-ci kapitanı statusunda başlamışdı. Amma göründüyü kimi bir neçə ay ərzində əvvəlcə onlardan kapitan sarğısı alındı, sonra da hər ikisinə faktiki qapını göstərdilər. Klubdan verilən rəsmi açıqlamada hər iki oyunçudan özünə yeni klub tapmaları tələb olunduğu qeyd olunub.
Bu arada Türkiyə kinematoqrafiyasının önəmli isimlərindən olan rejissor Zəki Dəmirkubuz rəhbərliyi bu qərara görə tənqid edib. “Beşiktaş” fanatı kimi tanınan Dəmirkubuz paylaşımında bunları yazıb:
“Rafa Silva və ona bənzər utanmazlar qarşısında sərgiləyə bilmədiyiniz güc və qərarlığı Mərt ilə Nəcipə qarşı sərgiləmək sizə yaraşırmı?”
Qeyd edək ki, 34 yaşlı Nəcip bütün karyerasını İstanbul nəhənginə həsr edib. Onun 2004-cü ildən akademiyada məşqlərə başladığını və 2008-ci ildən əsas komandada yer aldığını nəzərə alsaq, Nəcip həyatının son 21 ilini “Beşiktaş”da keçirib. Bu komandada 466 oyuna çıxaraq 6 qol, 19 məhsuldar ötürmə ilə fərqlənib və üçü çempionluq olmaqla 8 titul qazanıb. Uysal jurnalist Fırat Günayerə verdiyi son açıqlamada bunları deyib: “Mənim baş məşqçi ilə heç bir mübahisəm olmayıb. Ümumiyyətlə, məşqçilər korpusu ilə aramızda heç bir priblem yoxdu. Bu qərarı qətiyyən gözləmirdim. Ona görə də hələ ki nə edəcəyimi bilmirəm. Əsas “Beşiktaş”dı. Bir Nəcip gedər, 10 Nəcip gələr. Klublar həmişə var. Biz isə gəldi-gedərik. Rəhbərliyin bu qərarına hörmətlə yanaşıram. Artıq bu məsələnin uzanmasını və “Beşiktaş”a ziyan vurmasını istəmirəm. Bu mövzu barədə bir daha mətbuata açıqlama verməyəcəm”.
İddialara inansaq, Sərgən Yalçın hətta bu qərarın ardından da Nəcipə hörmətsizlik edib. Futbolçu ona söhbət etmək üçün zəng vurduqda Yalçın “mən sənə 20 dəqiqəyə özüm yığacam” deyib və zəng vurmayıb! Nəcipin gələcək taleyi bilinməsə də, Mərt Günokla bağlı maraqlı bir iddia otaya atılıb. Sentyabra qədər həm Türkiyə yığmasının, həm də “Beşiktaş”ın əsas qapıçısı statusunda olan, amma sonradan sürətli eniş yaşayan təcrübəli “əlcək sahibi” “Fənərbaxça”ya yollana bilər. Bu da təəccüblü deyil. Çünki Mərt məhz “Fənər”in yetirməsidi və 2008-15-ci illərdə bu klubda çıxış edib. Amma 36 yaşlı Günok həmin illərdə heç vaxt əsas qapıçı sayılmayıb və əsasən Volkan Dəmirəlin əvəzləyicisi olub. “Sarı-lacivərdlilər” İrfan Can Eğribayatı “Legiya”ya göndərməyə hazırlaşır. Bu keçid tamamlanandan sonra Mərtin “Fənər”ə gələcəyi gözlənilir.
Bu arada Sərgən Yalçının qərarı ilə “qartal”da daha bir isim “qara siyahı”ya düşüb. Belə ki, geyimə və formalara nəzarət edən Ərdal Ərdəmin qovulduğu məlum olub. Özü də o, 1993-cü (!) ildən “Beşiktaş”da çalışırdı. İddialara inansaq. bir dəfə Ərdal Ərdəm Sərgən Yalçının səhvlərini müzakirəyə çıxarıbmış. Məşqçi də bundan xəbər tutunca “klub işçisi də mənə futbol öyrədəcək” deyərək, onun uzaqlaşdırılmasını tələb edib.
Ərdəmin məşqçi diplomu da var imiş. Bu hadisədən sonra rəhbərlik onu akademiyada yeniyetmələrlə işləməyə dəvət edib. Amma Ərdəm bu təklifi qəbul etməyərək “ağ-qaralar”la yolları ayırıb.