Bakı, 7 yanvar, AZƏRTAC
Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibədə ölkənin daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf, regional təhlükəsizlik və postmünaqişə dövründə həyata keçirilən işlər barədə geniş və dəyərli fikirlər səsləndirdi. Müsahibədə, həmçinin son illər ərzində həyata keçirilən islahatların Azərbaycanın dayanıqlı inkişafını təmin etdiyi, iqtisadiyyatın şaxələndirilməsi və sosial layihələrin icrası əsas prioritetlər kimi vurğulandı. Bildirildi ki, əhalinin rifah halının yaxşılaşdırılması dövlət siyasətinin mərkəzində dayanır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Ailə, qadın uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib.
O bildirib ki, Prezident İlham Əliyevin müsahibədə Qarabağ və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirlər postmünaqişə dövründə Azərbaycanın əsas strateji və humanitar prioritetlərini bir daha ortaya qoyur. Bu fikirlər təkcə dövlət siyasətinin istiqamətlərini deyil, eyni zamanda cəmiyyətin uzun illər davam edən ədalətsizliyin aradan qaldırılmasına dair gözləntilərini də əks etdirir: “Prezidentin vurğuladığı əsas məqamlardan biri qayıdış prosesinin mərhələli, təhlükəsiz və ləyaqətli şəkildə həyata keçirilməsidir. Bu yanaşma beynəlxalq hüququn məcburi köçkünlərin geri qayıtması ilə bağlı prinsiplərinə uyğun olmaqla yanaşı, real vəziyyətin – ərazilərin uzun illər işğal altında qalmasının yaratdığı dağıntıların – düzgün qiymətləndirildiyini göstərir. Dövlət başçısının çıxışlarında infrastrukturun bərpası, yaşayış evlərinin, məktəblərin, xəstəxanaların və yol şəbəkəsinin qurulması xüsusi yer tutur ki, bu da qayıdışın formal deyil, davamlı və uzunmüddətli olmasına hesablanmış siyasətdir. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, bu ərazilərdə müasir infrastrukturun qurulması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası planlı şəkildə davam etdirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı əsas məqsədlərdən biri kimi təqdim olunub”.
J.Əliyevanın sözlərinə görə, müsahibədə diqqət çəkən mühüm məqamlardan biri də köçürülən insanların sosial rifahı və məşğulluq məsələlərinə verilən önəmdir. Qarabağın və Şərqi Zəngəzurun təkcə yaşayış məkanı deyil, eyni zamanda, iqtisadi fəaliyyət zonası kimi formalaşdırılması, keçmiş məcburi köçkünlərin öz torpaqlarında işlə təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Bu, onların yenidən asılı vəziyyətə düşməsinin qarşısını almağa və cəmiyyətə tam inteqrasiyasına xidmət edir. Uzun illər doğma yurdlarından didərgin düşmüş insanların geri qayıtması təkcə sosial məsələ deyil, həm də milli yaddaş və kimlik məsələsidir. Bu kontekstdə dövlətin üzərinə götürdüyü məsuliyyət cəmiyyət tərəfindən böyük ümid və gözləntilərlə qarşılanır.
Deputat müsahibədə toxunulan digər mühüm sosial məsələlərdən birinin məşğulluq və gəlir imkanlarının olduğuna diqqət çəkib: “Prezident qeyd edib ki, köçürülən vətəndaşların sosial asılı vəziyyətə düşməməsi üçün onların işlə təmin olunması əsas şərtdir. Bu məqsədlə kənd təsərrüfatı, kiçik və orta biznes, sənaye parkları və dövlət sektorunda yeni iş yerlərinin yaradılması planlaşdırılır. Bu yanaşma sosial dayanıqlığın və uzunmüddətli məskunlaşmanın əsasını təşkil edir. Ümumilikdə isə Prezidentin müsahibəsində sosial məsələlərlə bağlı səslənən fikirlər onu göstərir ki, Qarabağa və Şərqi Zəngəzura qayıdış prosesi humanist, planlı və sosial yönümlü dövlət siyasətinə əsaslanır. Bu yanaşma postmünaqişə dövründə cəmiyyətin rifahının yüksəldilməsinə və sosial ədalətin bərpasına xidmət edir”.