AZ

“Əyləncə” adı altında uşaqlar ölüm riskinə atılır XƏBƏRDARLIQ!

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Kartinq çox vaxt əyləncə vasitəsi kimi təqdim olunur və insanlar onu sadə bir oyun hesab edirlər. Halbuki kartinq mühərriki və sürəti olan, real risk daşıyan texniki vasitədir. Bu səbəbdən təhlükəsizlik məsələsi heç vaxt ikinci planda qala bilməz. Baş verən faciə də göstərir ki, bəzi kartinq mərkəzlərində təhlükəsizlik sistemli şəkildə qurulmayıb və ya bu məsələyə formal yanaşılır". Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev deyib. Onun sözlərinə görə, təhlükəsizlik ilk növbədə kartinqlərin texniki sazlığından başlayır:"Hər bir kartinq trasına çıxmazdan əvvəl mütləq yoxlanılmalıdır. Əyləclər tam işlək vəziyyətdə olmalı, sükan boşluq verməməli, qaz pedalı ilişməməlidir. Xüsusilə yeniyetmələr üçün kartinqlərin sürəti mütləq şəkildə məhdudlaşdırılmalı, uşaqlar üçün ayrıca sürət həddi müəyyən edilməlidir. Kartinqdən istifadə edən şəxslər əvvəlcədən məcburi təlim keçməlidirlər. İştirakçılara trasdan istifadə etməzdən öncə risklər və təhlükə hallarında davranış qaydaları aydın və başa düşülən şəkildə izah olunmalıdır. Xüsusilə uşaqlara panika zamanı qaza basmamağın, əksinə əyləci sıxmağın vacibliyi izah edilməlidir". Ekspert qeyd edib ki, kartinq meydançasının quruluşu da təhlükəsizlik standartlarına uyğun olmalıdır:"Meydançanın beton və ya metal baryerlərlə əhatə olunması yolverilməzdir. Toqquşma zamanı zərbəni udan xüsusi qoruyucu baryerlərdən istifadə edilməli, təhlükəli döngələrdə əlavə qoruma tədbirləri görülməlidir. Əgər bir toqquşma ölümlə nəticələnibsə, bu artıq onu göstərir ki, kartinq meydançası təhlükəsizlik tələblərinə cavab verməyib və risklər real şəkildə qiymətləndirilməyib. Nəzarət məsələsi də son dərəcə vacibdir. Kartinq mərkəzlərində proses nəzarətsiz qalmamalı, meydançada daim təlim keçmiş personal olmalıdır. Hər hansı qəza baş verən kimi dərhal hərəkət dayandırılmalıdır. Əgər iştirakçılardan biri yıxılıbsa və hərəkətsiz qalıbsa, digərlərinin sürməyə davam etməsi son dərəcə təhlükəlidir. Bu, beynəlxalq səviyyədə qəbul olunmuş elementar təhlükəsizlik qaydasıdır".Ekspert bildirib ki, qoruyucu vasitələr sadəcə görüntü xatirinə deyil, real təhlükəsizlik üçün tətbiq olunmalıdır:"Dəbilqələr uşaqların ölçüsünə uyğun olmalı, boş qalmamalıdır. Boyun qoruyucuları düzgün taxılmalı, təhlükəsizlik kəmərləri işlək vəziyyətdə olmalıdır. Təəssüf ki, bəzi mərkəzlərdə bu vasitələr formal xarakter daşıyır. Halbuki təhlükəsizlik görüntü deyil, nəticədir. Yeniyetmələrlə bağlı məsuliyyət daha da böyükdür. Onlar böyüklərlə eyni şərtlərdə kartinq meydançasına buraxılmamalıdırlar. Yaşa uyğun kartinqlərdən istifadə edilməli, sürət limiti mütləq tənzimlənməlidir. Ailələr də bu məsələdə diqqətli olmalı, uşağı kartinqə buraxmazdan əvvəl hazırlıq səviyyəsi ilə maraqlanmalı və təhlükəsizlik şərtlərini soruşmalıdırlar".Qeyd edək ki, ötən gün kartinq mərkəzlərindən birində baş verən ölümlə nəticələnən hadisə əyləncə məkanlarında təhlükəsizlik standartlarının yetərli olub-olmaması ilə bağlı müzakirələrə səbəb olub.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr