AZ

Notariuslardan QANUNSUZ TƏLƏB: Vətəndaşı SÜRÜNDÜRƏNLƏR kim(lər)dir?

Son günlər Azərbaycanda əmlak alqı-satqısı zamanı notariat orqanlarında yeni tələblər tətbiq olunub və bu vətəndaşlar üçün ciddi problemlər yaradır.

İndi notariuslar yalnız qiymətləndirmə sənədi təqdim olunduqda alqı-satqını təsdiq edirlər. Əks halda sənədlər Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinə göndərilir və qiymətləndirmə aparılmadığı üçün imtina cavabı gəlir. Nəticədə vətəndaşlar özəl qiymətləndirmə şirkətlərinə müraciət etmək məcburiyyətində qalır. Bu isə həm vaxt itkisi, həm də əlavə maliyyə yükü deməkdir.

Maraqlıdır ki, qiymətləndirmə tələb olunan torpaq sahələrinin bir çoxu artıq çıxarışa malikdir və təyinatı fərdi yaşayışdır. Lakin torpaq üzərində tikili dövlət reyestrində qeydiyyata alınmayıb. Notariuslar isə hətta “Google Map” vasitəsilə torpaq sahəsini yoxlayaraq, qeydiyyata alınmamış tikili üçün də qiymətləndirmə tələb edir. Belə görünür ki, prosedur şəffaflığı artırmaq məqsədilə əsaslandırılsa da, vətəndaşın hüquqlarına ciddi müdaxilə edir.

Nəticədə vətəndaşlar əlavə xərc və vaxt itkisi ilə üz-üzə qalır, özəl qiymətləndirmə şirkətlərinin fərqli qiymətləndirmələri isə alqı-satqıda mübahisələrə, vətəndaşın maliyyə itkisinə yol açır. Beləliklə, notariat orqanlarının yeni proseduru həm hüquqi, həm də praktiki baxımdan ciddi suallar doğurur və bazarda əlavə qeyri-müəyyənlik yaradır.

Bəs, tələb edilən qiymətləndirmənin məcburi xarakter daşıması hansı normativ-hüquqi aktlara əsaslanır? Dövlət reyestrində qeydiyyata alınmamış tikilinin qiymətləndirilməsi qanunidirmi, yoxsa vətəndaşın hüquqlarının pozulmasıdır?

Əkrəm Həsənov

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu hal tam qanunsuzdur:

“Notariusların vətəndaşdan bunu tələb etməsi qanunsuzdur. Qanunveriliciyə görə, belə olan halda heç bir qiymətləndirmə tələb edilə bilməz. Vətəndaşlar bu kimi hallarda müvafiq strukturlara şikayət edə bilərlər.”

Əkrəm Həsənov qeyd edir ki, əmlak alqı-satqısında sadələşdirilmiş və şəffaf mexanizmlər tətbiq edilməlidir:

“Vətəndaşların hüquqları qorunmalı və bürokratik maneələr aradan qaldırılmalıdır. Əks halda, hər bir alqı-satqı prosesi həm əlavə maliyyə yükü, həm də zaman itkisi ilə müşayiət olunacaq”.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsindən sorğumuza cavab verilmədi.


Seçilən
25
azia.az

1Mənbələr