AZ

Hərbi ekspert: Vətən müharibəsini Horadiz əməliyyatının davamı da adlandırırlar

Bakı, 7 yanvar, Göyçək Mahmudlu, AZƏRTAC

Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra xalqa Qarabağ cəbhəsindəki vəziyyətlə bağlı payız müraciəti oldu. Ondan sonra “qış kampaniyası” deyilən bir proses başladı. Həmin kampaniyanın bir hissəsi məhz Beyləqan-Füzuli istiqamətində əks-hücum əməliyyatı ilə bağlı idi. Plana uyğun olaraq, əsasən, yanvarın 5-i həmin istiqamətdən əks-hücum əməliyyatına başladıq. Bunun üçün 400 nəfərə qədər heyətlə Horadiz istiqamətində kəşfiyyat apararaq, Araz çayının kənarı ilə dəhlizi müəyyənləşdirdik. Əks-hücum gecəsi 400 nəfər düşmənin arxasına keçərək, üç qrupa bölündü. Birinci qrup Böyük Bəhmənlinin, ikinci qrup Horadiz-Şükürbəyli yolunun, üçüncü qrup isə kənd Horadiz yolunun üstündəki yüksəklikləri ələ keçirməli idi.

Məqsəd düşmənin taktiki yanaşmalarına uyğun hərəkət etmək idi. Düşmənin taktiki yanaşmaları ondan ibarət idi ki, onlar ön xətdə çox şəxsi heyət saxlamırdılar. Harada kritik vəziyyət yaranırdısa, həmin istiqamətdə arxadan ehtiyat qüvvələrini döyüşə cəlb edərək, orada vəziyyəti stabilləşdirirdilər. Bunu nəzərə alaraq, yanvarın 5-i səhər tezdən hücum əməliyyatına başlayanda məhz həmin ehtiyat qüvvələrin qarşısını ala bildik. Təbii ki, təmas xəttində müdafiədə olan qüvvələr də artıq lazımi müqavimət göstərə bilmədi.

Bunu ehtiyatda olan polkovnik, Qarabağ müharibəsinin və Silahlı Qüvvələrin veteranı, hərbi ekspert Şair Ramaldanov AZƏRTAC-a müsahibəsində deyib.

O, fikirlərinə belə davam edib: “Digər tərəfdən həmin dövrdə İrandan Horadizə böyük bir qüvvənin daxil olması və döyüşərək irəliləməsi barədə yanlış məlumatlar yayıldı. Təbii ki, yuxarı komandanlığa düzgün məlumatın verilməməsi, ön xəttə istiqamətləndirilən ehtiyat qüvvələrin qarşısının alınaraq darmadağın edilməsi düşmən cəbhəsində idarəermənin itirilməsinə və panik bir vəziyyətə səbəb olmuşdu. Belə halda düşmən Azərbaycan Ordusunun əks-hücumuna tab gətirmədi və geri çəkilməyə məcbur oldu. Bu, planlı şəkildə geri çəkilmək deyildi, onlar qaçmaqla canlarını qurtarmağa çalışırdılar. Ona görə də Azərbaycan Ordusu iki gün ərzində 30 kilometrə qədər irəliləyərək 22 yaşayış mətəqəsini, o cümlədən Horadizi, Cocuq Mərcanlını azad etdi. Həmin əməliyyatda bizim 13 şəhidimiz, 47 yaralımız oldu. İtkilərimiz əməliyyata və sahəyə baxanda çox az olmuşdu. Bu da qəbul etdiyimiz qərarın və apardığımız əməliyyatın çox uğurlu alındığını göstərirdi. Horadiz əməliyyatı düşməni “Bişkek razılaşması” deyilən atəşkəs razılaşmasına gəlməyə, masa arxasına oturmağa məcbur etdi. Çünki həmin atəşkəsə qədər düşmən çoxsaylı əks-hücumlar edərək, geri çəkildiyi torpaqları yenidən işğal etmək istəyirdi. Çoxsaylı itkilərlə nəticələnən döyüşlər düşmənin “Bişkek razılaşması”na imza atmağa məcbur etdi. Maraqlıdır ki, 44 günlük müharibə də məhz cənub istiqamətində uğurlu oldu, sürətlə inkişaf etdi. Onu bəzən Ulu Öndərin rəhbərliyi ilə başlayan Horadiz əməliyyatının davamı da adlandırırlar. Ulu Öndərin liderliyi ilə həmin əks-hücum əməliyyatı başladı, Ümummilli Liderin davamçısı olan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 gündə işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyümüzü bərpa etdi. Ümummilli Lider Heydər Əliyev çıxışlarında əzəli və əbədi torpaqlarımıza qayıdacağımızı vurğulayırdı. Prezident İlham Əliyev isə ata vəsiyyətini yerinə yetirərək adını qalib xalqın lideri kimi tarixə qızıl hərflərlə yazdırdı”.

Seçilən
86
azertag.az

1Mənbələr