"2024-cü ildə Bakı metrosu təxminən 230 milyon sərnişin daşıyıb. Bu göstərici Minsk ilə yaxın, Tbilisi və Daşkənd kimi şəhərlərin isə xeyli üzərindədir. Daha vacib göstəricilərdən biri isə xətt yüklənməsidir: Bakıda 1 kilometr xəttə düşən illik sərnişin sayı təxminən 5.5 milyon nəfər təşkil edir ki, bu da Minsk və Budapeşt kimi sistemlərlə eyni səviyyədə, Sofiya və Daşkənddən isə daha yüksəkdir. Bu fakt Bakı metrosunun şəhər mobilliyində daşıdığı real yükü aydın göstərir".
Bunu “Bakı Metropoliteni” QSC-nin Maliyyə departamentinin rəisi Kamal Hüseynli Marja.az-a müsahibəsində bildirib.
"Maliyyə göstəricilərinə baxdıqda isə MDB və Avropa metroları arasında əsas oxşarlıq ondan ibarətdir ki, heç bir sistem yalnız tarif gəlirləri hesabına fəaliyyət göstərmir. Xərclərin strukturu – enerji, materiallar və texniki xidmət – bütün bu şəhərlərdə oxşardır. Məsələn, material və elektrik enerjisi xərclərinin sərnişin gəlirlərinə nisbəti Bakıda təxminən 22% səviyyəsindədir ki, bu göstərici Moskva, Minsk və Budapeşt kimi şəhərlərlə müqayisədə daha aşağı və ya eyni diapazondadır. Bu isə xərclərin idarə olunması baxımından Bakı metrosunun səmərəli işlədiyini göstərir",- Kamal Hüseynli deyib.
Kamal Hüseynli, "Ümumilikdə müqayisə onu göstərir ki, Bakı Metropoliteninin əsas fərqləndirici cəhəti yüksək sərnişin yüklənməsi olan, lakin tənzimlənən tarif və subsidiya mexanizmi ilə işləyən sistem olmasıdır. Bu model MDB və Avropa şəhərlərinin əksəriyyətində mövcud olan yanaşmalara uyğundur. Gələcək mərhələdə əsas diqqət xərclərin səmərəli idarə olunması, gəlir mənbələrinin şaxələndirilməsi və maliyyə dayanıqlığının mərhələli şəkildə gücləndirilməsinə yönəlib",- deyə əlavə edib.