AZ

Türk dövlətləri üçün yeni strateji çağırış: təhlükəsizlikdə koordinasiya tarixi zərurətdir ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Türk dövlətləri arasında təhlükəsizlik müstəvisində əməkdaşlığın dərinləşdirilməsi ideyası mövcud qlobal geosiyasi reallıqlar fonunda strateji zərurətə çevrilir. Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində Türk dövlətləri arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı səsləndirdiyi fikir mövcud beynəlxalq reallıqlar baxımından xüsusi aktuallıq kəsb edir. Hazırda dünya siyasətində müşahidə olunan gərginliklər, regional münaqişələrin dərinləşməsi və qlobal təhlükəsizlik mexanizmlərinin zəifləməsi beynəlxalq sistemin getdikcə daha kövrək xarakter aldığını nümayiş etdirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Sosial Elmlər Universitetinin müəllimi Gökberk Durmaz bildirib.

Onun sözlərinə görə, dünyada baş verən proseslər fonunda Prezident İlham Əliyevin bu fikri yalnız siyasi bəyanat deyil, dəyişən beynəlxalq mühitə uyğunlaşdırılmış strateji yanaşmadır.

Ekspert vurğulayıb ki, dövlət başçısının qeyd etdiyi kimi, söhbət yeni hərbi blokun yaradılmasından getmir. Məsələ energetika, nəqliyyat, ticarət və investisiya sahələrində formalaşmış əməkdaşlıq modelinin təhlükəsizlik müstəvisində məntiqi şəkildə tamamlanmasından ibarətdir. Təlimlərin, texniki standartların və təhlükəsizlik yanaşmalarının yaxınlaşdırılması Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında koordinasiyanı gücləndirə, qarşılıqlı etimadı institusionallaşdıra bilər.

Gökberk Durmaz Azərbaycanın bu prosesdə xüsusi tarixi və ideoloji rola malik olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan tarixən Türk birliyi düşüncəsinin intellektual mərkəzlərindən birinə çevrilib. Bu mənəvi irs bu gün də Bakının Türk Dövlətləri Təşkilatı çərçivəsində fəal və təşəbbüskar mövqeyini şərtləndirir.

Ekspertin fikrincə, Türk Dövlətləri Təşkilatına sədrliyin 2026-cı ildə Azərbaycana keçməsi bu baxımdan mühüm tarixi fürsət olacaq. Bu sədrlik yalnız təşkilati proseslərin idarə olunması ilə məhdudlaşmamalı, Türkiyə ilə Mərkəzi Asiya ölkələri arasında təhlükəsizlik, nəqliyyat və enerji sahələrində yeni strateji körpülərin qurulmasına xidmət etməlidir. Bu mərhələ TDT-nin qlobal siyasi çəkisinin artırılması üçün mühüm ola bilər.

Şərhçi vurğulayıb ki, Qarabağ Zəfərindən sonra Azərbaycan üçün yeni mərhələ başlayıb. Ermənistan-Azərbaycan münaqişəsinin hərbi-siyasi mərhələsinin başa çatması Bakıya regional çərçivədən çıxaraq daha geniş geosiyasi vizyon formalaşdırmaq imkanı yaradıb. Azərbaycan enerji ölkəsi kimi Türk dövlətləri arasında enerji diplomatiyasının lokomotivinə çevrilə, eyni zamanda, təhlükəsizlik risklərinin düzgün qiymətləndirilməsi və bölüşdürülməsi baxımından təşkilat daxilində strateji həmrəyliyi gücləndirə bilər.

“Dünya yeni güc mərkəzlərinin formalaşdığı mərhələyə qədəm qoyur və bu prosesdə Türk dövlətlərinin həmrəyliyi tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu yanaşması isə vaxtında atılmış mühüm addım kimi dəyərləndirilməlidir”, - deyə Gökberk Durmaz bildirib.

Seçilən
92
azertag.az

1Mənbələr