İş adamı Şərurlu İsfəndiyar Binəqədi rayonunun sabiq icra başçısı Xaləddin İsgəndərovla bağlı iddialarla çıxış edib.
News365.az xəbər verir ki, o, açıqlamasında bildirib ki, ona məxsus olan “Hallivud” şadlıq evi ilə bağlı ciddi təzyiqlərlə üzləşib.
Şərurlu İsfəndiyarın sözlərinə görə, sabiq icra başçısı tərəfindən ondan külli miqdarda pul tələb olunub:
“İş görə-görə gəlib ‘Hallivud’ şadlıq evinə əl qoydular və dedilər ki, 300–400 min manat verməlisən. Qarşısında qalacaq vəziyyət yox idi, məcbur qalıb verdim. Başqa nə etməli idim?”
İş adamı qeyd edib ki, bu cür hallar sahibkarlığın inkişafına ciddi maneə yaradır:
“Bizi bu vəziyyətdə saxlayıblar, qoymurlar inkişaf edək. Daim təzyiq altındayıq”.
Qeyd edək ki, səsləndirilən iddialar qarşı tərəfin mövqeyi olmadan verilib. Məsələ ilə bağlı Xaləddin İsgəndərovun və ya aidiyyəti qurumların açıqlaması olarsa, News365.az tərəfindən yayımlanacaq.