London, 7 yanvar, AZƏRTAC
2026-cı ilin ilk fırtınası olan “Goretti” Böyük Britaniyada qarlı hava və buzlanma ilə müşayiət olunaraq nəqliyyatda ciddi çətinliklər yaradacaq.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, fırtınanın ən güclü təsirinin Fransada hiss olunacağı bildirilsə də, Britaniyada da hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir.
Çərşənbə günü səhər saatları üçün Şimali İrlandiya da daxil olmaqla Böyük Britaniyanın böyük hissəsində buzlanma ilə bağlı sarı xəbərdarlıq qüvvədədir. Arktik hava kütləsinin təsiri nəticəsində London və ətraf bölgələrdə də qış yağıntıları müşahidə olunur.
Bu arada, Niderlandda da hava şəraiti aviasiyaya ciddi təsir göstərir. Amsterdamın “Schiphol” hava limanında qar və buzlanma səbəbindən altıncı gündür kütləvi uçuş ləğvləri davam edir. KLM aviaşirkəti çərşənbə günü mərkəzi hava limanına gediş-gəliş daxil olmaqla 600 reysi dayandırıb. “Schiphol” ilə Böyük Britaniya hava limanları arasında bir sıra uçuşlar da ləğv edilib.
Rəsmi qurumlar sürücülərə və sərnişinlərə ehtiyatlı olmağı, səyahət planlarını öncədən yoxlamağı tövsiyə ediblər.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London