Bakı, 7 yanvar, AZƏRTAC
“Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”.
Prezident İlham Əliyevin səsləndirdiyi bu fikirlər müasir beynəlxalq münasibətlər sisteminin real mənzərəsini əks etdirir. Bu gün güc tətbiq etməmək, beynəlxalq mübahisələri dinc yolla həll etmək, dövlətlərin daxili işlərinə qarışmamaq və suveren bərabərlik kimi beynəlxalq hüququn əsas prinsipləri ciddi şəkildə pozulur. Bu isə beynəlxalq münasibətlər sisteminin əsas problemlərindən birinə çevrilib.
Təəssüf ki, Azərbaycan uzun illər bu ədalətsiz yanaşmanın birbaşa qurbanı olub. Ermənistanın ölkəmizin ərazilərini işğal etməsi və işğalçı qüvvələrin qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmadı. Bu sənədlər dövlətlərin suverenliyi və ərazi bütövlüyü kimi fundamental prinsiplərə əsaslansa da, beynəlxalq ictimaiyyət, o cümlədən Təhlükəsizlik Şurasının daimi üzvləri onların yerinə yetirilməsi üçün real siyasi və diplomatik təzyiq göstərmədilər. Bu fakt BMT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların təsir mexanizmlərini itirdiyini göstərir. Məhz bu reallıq “Dünya beşdən böyükdür” fikrinin aktuallığını bir daha təsdiqləyir.
Beynəlxalq münasibətlərdə tarixən mövcud olan “kim güclüdür, o haqlıdır” prinsipi bu gün də üstünlük təşkil edir. Böyük güclər beynəlxalq hüququ öz maraqları naminə manipulyasiya edir, bu isə ölkələri hərbi potensiallarını artırmağa sövq edir. Soyuq müharibədən sonra müşahidə olunan tərksilah meyillərinin əksinə olaraq hazırda dünyada genişmiqyaslı silahlanma prosesi gedir.
Müasir müharibələrin xarakteri də dəyişib. Döyüş əməliyyatları artıq yalnız quru, hava və dənizlə məhdudlaşmır, kosmos və kiberməkana da yayılır. Süni intellekt və yeni texnologiyalar eskalasiya risklərini artırır, nüvə silahına malik dövlətlər isə strateji üstünlük əldə etmək üçün bu imkanları genişləndirirlər. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun analitikləri də bir sıra ölkələrin nüvə silahı hazırladığına və bu istiqamətdə müzakirələr apardığına dair xəbərdarlıq edirlər.
Bir sözlə, təəssüf hissi ilə deyə bilərik ki, beynəlxalq hüququn dərin böhranı və qlobal silahlanma tendensiyası bütün dünya üçün ciddi təhlükə mənbəyinə çevrilib.