AZ

Azərbaycan Şərq–Qərb nəqliyyat marşrutunda mühüm rol oynayır RƏY

Bakı, 7 yanvar, AZƏRTAC

“Bu gün təkcə bizim bölgəmiz üçün yox, dünya üçün Mərkəzi Asiya-Azərbaycan birliyi və C5-in C6-ya çevrilməsi böyük əhəmiyyət daşıyır. Çünki bağlantılar, nəqliyyat, logistika bu gün bir çox aparıcı beynəlxalq aktor üçün böyük önəm daşıyır və burada Mərkəzi Asiyanı Qərblə coğrafi nöqteyi-nəzərdən birləşdirə biləcək yeganə etibarlı ölkə Azərbaycandır”. Prezident İlham Əliyevin yerli televiziya kanallarına yanvarın 5-də verdiyi müsahibədə səsləndirdiyi bu fikirlər Azərbaycanın Mərkəzi Asiya regionu üçün nə qədər böyük əhəmiyyətə malik olduğunu bir daha göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Bayburd Universitetinin müəllimi Ramin Sadık söyləyib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əlaqələr bütün sahələr üzrə genişlənib: “Azərbaycan Mərkəzi Asya ölkələri ilə uzun illərdir bərabər layihələr və iqtisadi maraqlar çərçivəsində, eyni zamanda, ortaq tarixə dayanaraq səmimi əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində də böyük əməkdaşlıq nümunələri diqqət çəkir. Dövlət başçılarının qarşılıqlı səfərləri, həyata keçirilən ortaq layihələr münasibətləri daha da sıxlaşdırıb. Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan Qarabağda yenidənqurma və bərpa işlərində Azərbaycana dəstək göstərirlər”, - deyə R.Sadik vurğulayıb.

O qeyd edib ki, Azərbaycan ərazisindən Mərkəzi Asiya ölkələri üçün mühüm nəqliyyat marşrutu keçir. “Mərkəzi Asiya ölkələri zəngin təbii resurslara sahibdir. Əlbəttə ki, bu resursların xarici bazarlara çıxarılması hər bir ölkə üçün əhəmiyyətli məsələdir. Bunun üçün ən qısa və təhlükəsiz yol Azərbaycan ərazisindən keçir. Azərbaycan beynəlxalq ticarət şəbəkəsinin kilid ölkəsidir. Son illərdə Azərbaycan bu sahədə lazımi infrastrukturu qurub, inkişaf etdirib. Bu mənada digər ölkələrlə müqayisədə sərfəli marşrut təqdim edən Azərbaycan xüsusilə də Şərq-Qərb nəqliyyat marşrutunda mühüm rol oynayır”, - deyə Ramin Sadik əlavə edib.

Seçilən
31
azertag.az

1Mənbələr