A.Nəsirli qeyd edib ki, Azərbaycana külli miqdarda ət idxal olunur. Eyni zamanda ağartı məhsulları, xüsusilə kərə yağı xaricdən gətirilir. Kərə yağının təxminən 90 faizi, süd və digər süd məhsullarının isə 60 faizə yaxını idxal hesabına ödənilir. Bu proses isə getdikcə davam edir: “Bundan əlavə, ölkədə heyvan bazarlarının, yəni ətin topdansatış bazarlarının bağlanması fermerləri heyvandarlıqdan daha da uzaqlaşdırır. Çünki topdansatış ət bazarları heyvandarlıq sektorunun əsas realizasiya nöqtəsidir. Bu bazar mexanizmi belə işləyir: bir qrup fermer heyvanları örüşlərdə otarır və bazara çıxarır, yerli əhali həmin heyvanları alaraq bordaqlayır, yəni ətlik kimi bəsləyir və yenidən bazara çıxarır. Daha sonra bu ətlik heyvanları mərkəzi şəhərlərə, o cümlədən Bakıya mal gətirən qəssablar alır və paytaxtdakı qəssablara satır, pərakəndə satış da bu yolla təmin olunur. Heyvan bazarlarının bağlanması bu zəncirin bütün həlqələrinin fəaliyyətini tormozlayıb. Fermerlərin əlindəki heyvanları realizasiya etmək imkanları məhdudlaşıb. Bu səbəbdən heyvandarlıqla məşğul olanların bir qismi bu sahədən uzaqlaşaraq başqa işlərlə məşğul olmağa üstünlük verir. Kimisi heyvanlarını satıb Bakıya köçür, kimisi biznes qurur, kimisi bitkiçiliklə məşğul olur və s”. Ekspertin sözlərinə görə, heyvandarlığın azalması və bu seqmentin daralması prosesi davam edir. Bunun fonunda heyvandarlıq məhsullarının qiymətləri də yüksəlməkdə davam edəcək. Hazırda isə hökumət tərəfindən bu sahədə ciddi bir müdaxilə müşahidə olunmur. Sevinc İbrahimzadə / Metbuat.az