Bakı, 7 yanvar, AZƏRTAC
Zəngəzur dəhlizi Naxçıvan Muxtar Respublikasının iqtisadi, siyasi, sosial həyatının inkişafına əsaslı təkan verməklə yanaşı, onun beynəlxalq aləmlə də əlaqələrini artıracaq, Türkiyə, İran, Gürcüstan və Cənubi Qafqazın digər regionlarından muxtar respublikaya turist axınına imkan yaradacaq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru Ağarza Rüstəmov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ümumilikdə ölkənin inkişafını təmin edir.
“Naxçıvan uzun illər blokada şəraitində yaşayıb. Buna baxmayaraq dövlət başçısının diqqət və qayğısı heç vaxt əskik olmayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etməklə yanaşı Naxçıvanın da iqtisadi inkişaf perspektivini müəyyən etdi. Zəngəzur dəhlizi muxtar respublikanın qonşu dövlətlərlə yanaşı Rusiya və Avropa ilə dəmir yolu nəqliyyatı əlaqəsini yaradacaq. Hazırda muxtar respublika ərazisində dəmir yolları yenilənir. Belə ki, Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti layihəsinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirəcək. Bu layihə Naxçıvanı Çin, Avropa ölkələri, eyni zamanda, Körfəz ölkələri ilə birləşdirəcək. Bu, həm də “Dəmir İpək Yolu”nun bərpası deməkdir. 2023-cü il sentyabrın 25-dən sonra isə həmin layihənin reallaşdırılması istiqamətində əsaslı hüquqi bünövrə qoyulub, tərəflər qısa müddətdə dəmir yolunun tikintisinə yönəlmiş texniki hazırlıqları və texniki-iqtisadi əsaslandırma işlərini yekunlaşdırıblar. Uzunluğu 224 kilometr olan yolun tikinti işləri davam edir və 2030-cu ildə istismara verilməsi nəzərdə tutulub”, - deyə Ağarza Rüstəmov əlavə edib.
A.Rüstəmov qeyd edib ki, bu günlərdə yerli televiziya kanallarına müsahibə verən dövlət başçısının “Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan yolları açılacaq. Ermənistan Naxçıvan vasitəsilə İranın dəmir yollarına, Azərbaycan vasitəsilə Rusiyanın dəmir yollarına çıxış əldə edəcək. Yəni bu, Ermənistan üçün də faydalıdır. Burada uduzan tərəflər olmamalıdır. Hər halda iqtisadi və nəqliyyat nöqteyi-nəzərindən uduzan tərəf olmayacaq”, deməsi təsadüfi xarakter daşımır. Azərbaycan Prezidenti Ermənistan ilə sülh prosesinin məntiqi nəticə ilə başa çatması istiqamətində siyasət yürüdür.
“Bu siyasətin tərkib hissəsi olan Zəngəzur dəhlizi regionun iqtisadi, nəqliyyat, tranzit imkanlarını artırmaqla yanaşı, ölkəmizdə qeyri-neft sektorunun inkişafına da əsaslı təkan verəcək: “Zəngəzur dəhlizi ilə yükdaşımalar təkcə tranzit gəlir gətirməyəcək. Tikiləcək dəmir yolu stansiyaları, texniki xidmət kompleksləri, daşıyıcı şirkətlərin Naxçıvanda filiallarının, xidmət sahələrinin açılması yeni iş yerlərinin yaradılmasına, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına şərait formalaşdıracaq. Tarixən Naxçıvana “Şərqin qapısı” deyilib. Ərəb mənbələrində “Nəqşicahan” adalanan bu region qədim dövrlərdən karvan yollarının kəsişdiyi yer olub. Şərqdən qərbə doğru hərəkət edən karvanlar Naxçıvanda dayanıblar. Bu gün texniki, tərəqqi ilə əlaqədar olaraq dəmir yolları, avtomobil yolları Naxçıvandan keçəcək. Azərbaycan Prezidentinin Zəngəzur dəhlizi ideyası və bu ideyanın reallaşması Naxçıvanın tarixi şöhrətini qaytaracaq”.