AZ

Aəzrbaycanın xarici borcu 6% azalıb -

Azərbaycanda dövlət borcunun səviyyəsi ölkənin maliyyə imkanları haqqında aydın təsəvvür yaradır. Maliyyə Nazirliyinin hesabatına əsasən, 2025-ci il dekabrın 1-nə Azərbaycanın 8 milyard 195,2 milyon manat xarici borcu olub. Metbuat.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirovun fikrincə, Azərbaycanın dövlət borcu kifayət qədər düzgün idarə olunur və bu, mövcud göstəricilərdə də açıq şəkildə müşahidə edilir. Onun sözlərinə görə, xarici borcun həcmi daxili borcla müqayisədə xeyli aşağıdır. Bu isə kənar risklərin və xarici təsirlərin minimuma endirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “Son statistik məlumatlara görə, Azərbaycanın ümumi dövlət borcu 25 milyard 272 milyon manat təşkil edir. Bunun təxminən 17,8 milyard manatı daxili borcun, 8,2 milyard manatı isə xarici borcun payına düşür. Dollar ifadəsində xarici dövlət borcu 4,8 milyard ABŞ dolları həcmindədir. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici borcun həcmi təxminən 6 faiz azalıb. Bu da onu göstərir ki, ölkə olaraq əsas hədəf daxili borclanmadır və xarici borcun xüsusi çəkisinin artırılmasına yol verilmir”. E.Əmirov qeyd edib ki, dünya təcrübəsinə əsasən, adətən böyük olmayan ölkələr, xüsusilə də Azərbaycan kimi kiçik dövlətlər beynəlxalq maliyyə institutlarının təsir dairəsində ola bilir: Dünya təcrübəsində yetəri qədər belə hallar var. “Çünki xarici borcun xüsusi çəkisinin yüksək olması, borc verənlərin borclu ölkəyə təsir imkanlarını artırır. Bu kontekstdən ölkə olaraq xarici borclanmanın səviyyəsini minimum risklər çərçivəsində idarə etməyi hədəfləmişik və buna nail oluruq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
35
metbuat.az

1Mənbələr