AZ

Ölənlərin adını daşımaq insan taleyinə təsir edirmi? – ÖNƏMLİ AÇIQLAMALAR

Yeni doğulmuş körpələrə tez dünyadan köçmüş insanların adının verilməsi cəmiyyətdə tez-tez rast gəlinən hallardandır.

Bununla yanaşı, müəyyən adların “ağır taleli” və ya “uğursuz” hesab edilərək zamanla istifadədən çıxarılması da müşahidə olunur. Bu yanaşmalar adların insan taleyinə təsir edib-etmədiyi ilə bağlı müzakirələri aktuallaşdırır.

Məsələyə həm sosial, həm də psixoloji baxımdan yanaşdıqda aydın olur ki, adlar birbaşa taleyi müəyyən etməsə də, insanın həyatına dolayı təsirlər göstərə bilər.

Sosioloq Elçin Bayramlı NOCOMMENT.az-a bildirib ki, ad insanın cəmiyyətdə necə qəbul olunmasında mühüm rol oynayan sosial göstəricidir:

“Müəyyən adlar tarix, ailə yaddaşı və ya faciəli hadisələrlə assosiasiya olunduğu üçün bu adları daşıyan şəxslərə qarşı şüuraltı fərqli münasibət formalaşa bilər. Bu münasibət bəzən ailə daxilində, bəzən isə daha geniş sosial mühitdə özünü göstərir və insanın sosial rollarının formalaşmasına təsir edir. Məhz bu səbəbdən bəzi adların siyahıdan çıxarılması taleyə inamdan çox, cəmiyyətin kollektiv yaddaşı və emosional təcrübələri ilə bağlıdır”.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan psixoloq Aytən Cəfərli qeyd edib ki, adın insan psixologiyasına təsiri onunla bağlı yaradılan mənalar üzərindən formalaşır:

“Əgər uşağa daim adının vaxtsız dünyadan köçmüş və ya faciəli taleyi olan bir insanın xatirəsinə verildiyi xatırladılırsa, bu, onda şüuraltı narahatlıq, daxili gərginlik və əlavə emosional yük yarada bilər. Digər tərəfdən, ad neytral və ya müsbət məna ilə təqdim olunduqda, uşağın psixoloji inkişafına mənfi təsir göstərmir. Problem adın özündə deyil, ona yüklənən emosional və simvolik anlamdadır”.

Seçilən
106
nocomment.az

1Mənbələr