AZ

"Bastrıkinin addımı Moskva–Bakı münasibətlərinə kölgə salır" - Açıqlama

"Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı açılmış cinayət işinə xitam verməsi Rusiya siyasi rəhbərliyinin mövqeyi ilə uzlaşmır. Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin son Düşənbə görüşündə məsələnin sona qədər araşdırılacağını və günahkarların cəzalandırılacağını açıq şəkildə bəyan etmişdi".

Bunu fikirləri Missiya.Az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, təəssüf doğuran məqam ondan ibarətdir ki, Rusiya–Azərbaycan münasibətlərinin normallaşmağa və gərginliyin aradan qalxmasına doğru irəlilədiyi bir vaxtda Bastrıkin tələsik şəkildə cinayət işinə xitam verildiyi açıqlandı:

"Bu addım, ilk növbədə, öz ölkəsinin rəsmi və siyasi mövqeyinə ziddir. Eyni zamanda, Rusiya Prezidentinin iradəsindən kənar, ermənipərəst dairələrin təsiri altında hərəkət edildiyi təəssüratını yaradır və Prezident Vladimir Putinin siyasi iradəsinin gözardı edilməsi kimi qiymətləndirilə bilər.

Şübhəsiz ki, bu cür addımlar Rusiyadakı sağlam siyasi qüvvələrin də diqqətindən kənarda qalmayacaq. Çünki Rusiya Prezidenti Azərbaycan dövlət başçısı ilə son görüşündən sonra münasibətlərin inkişaf etdiyini, eləcə də iqtisadi müstəvidə heç bir problemin mövcud olmadığını xüsusi vurğulamışdı".

Deputatın sözlərinə görə, buna baxmayaraq, Bastrıkin və onun kimi şəxslərin atdığı addımlar gərginliyi daha da artırmağa xidmət edir:

"Bu isə Rusiya–Azərbaycan münasibətlərinə vurulan ciddi zərbə kimi dəyərləndirilməlidir. Rusiyada bəzi şəxslərin hüquqi özbaşınalığa yol verməsi, hüquqi prosesləri siyasiləşdirərək erməni lobbilərinin maraqlarına uyğun istiqamətə yönəltməsi dövlətlərarası münasibətlərə xələl gətirir və bu cəhdlər mütləq şəkildə layiqli qiymətini almalıdır", -deyə deputat əlavə edib.

Qeyd edək ki, Aleksandr Bastrıkin Rusiya elitasında özbaşınalıqları, siyasi iddiaları və hətta prezidentliyə ambisiyaları ilə də tanınır. Onun Vladimir Putinə tabesizlik göstərməyə meyilli olması da iddia olunur.

Seyranə Quliyeva

Missiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr