Azərbaycanın enerji və iqtisadi siyasətində mühüm dəyişikliklərin baş verir. Ölkəmiz artıq alternativ və yaşıl enerji sahəsində ciddi addımlar atmağa başlayıb ki, bu istiqamətdə əsas prioritetlərdən biri külək enerjisi və digər bərpa olunan enerji növlərinin inkişafıdır.
QHT.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar İskəndərov ARB XƏBƏR -ə danışıb. Deputat qeyd edib ki, gələcəkdə iqtisadiyyatın şaxələndirilməsi üçün Azərbaycanın ixrac potensialının dərindən araşdırılması vacibdir. Bu yanaşma enerji sektorunda alternativ mənbələrin rolunun artmasına, eyni zamanda qeyri-neft və qeyri-qaz sahələrinin dövlət büdcəsində payının genişlənməsinə şərait yarada bilər:
"Məhz bu strategiya hesabına ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək mümkündür. Bu sahədə Çin Azərbaycanla partnyorluq etməyə başlayıb və Çin tərəfi alternativ enerji sahəsində zəngin təcrübəyə malikdir. Çinlə birgə müəssisələrin yaradılması perspektivləri müzakirə olunur. Xüsusilə Qarabağ və Zəngəzur bölgələri yaşıl enerji baxımından böyük potensiala malikdir, bu ərazilər gələcəkdə bərpa olunan enerji layihələrinin əsas mərkəzlərindən birinə çevrilə bilər".
Onun fikrincə, alternativ enerji, qeyri-neft sektoru və beynəlxalq əməkdaşlığın genişləndirilməsi Azərbaycanın iqtisadi təhlükəsizliyini və dayanıqlı inkişafını təmin edən əsas amillərdən olacaq.
Pərvanə Fərhadqızı