AZ

Netanyahunun Putinə mesajı – İranla bağlı DƏHŞƏT yaşana bilər

İsrail tərəfi Tehranın yanlış hesablamalar nəticəsində İsrailin yaxın zamanda hücum edəcəyini düşünərək qabaqlayıcı zərbə endirə biləcəyindən narahatdır.

Baş nazir Benyamin Netanyahu bazar ertəsi Knessetdə çıxışı zamanı bildirib ki, İsrailə qarşı istənilən hücumun “çox ağır nəticələri” olacaq. Son həftələrdə İsrailin siyasi və təhlükəsizlik rəhbərliyi İranla bağlı məsələlər də daxil olmaqla bir sıra əsas təhlükəsizlik mövzularını müzakirə edib.

Məlumata görə, İsrail xüsusilə İranın gözlənilməz anda endirə biləcəyi zərbənin nəticələrindən ehtiyatlanır. 12 günlük müharibə zamanı İsrail İrana ciddi ziyan vursa da, Tehranın cavab zərbələrinin effekti İsrail üçün gözlənilməz olmuşdu.

Bu riskləri nəzərə alan Netanyahu Rusiya Prezidenti Vladimir Putindən İrana mesaj çatdırılmasını istəyib. Məqsəd İranın mümkün qabaqlayıcı hücumunun qarşısını almaq və vəziyyətin nəzarətdən çıxmasına imkan verməməkdir.

İsrailin İranın yanlış hesablamalar nəticəsində qabaqlayıcı zərbə endirə biləcəyindən narahatlığı nə dərəcədə əsaslıdır və Netanyahunun Putin vasitəsilə Tehrana mesaj göndərməsi real eskalasiyanın qarşısını almağa kifayət edəcəkmi, yoxsa region daha geniş hərbi toqquşma riski ilə üz-üzədir?

Vasif Həsənli

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vasif Həsənli qeyd edib ki, İranda davam edən iqtisadi problemlər fonunda İranda daxili vəziyyət həssas mərhələyə çatıb:

“Mövcud şəraitdə sosial narazılıqların süni şəkildə təşkil olunmuş üsyanlara çevrilməsi riski artmaqdadır. Aparılan təhlillər göstərir ki, ölkədə sabitliyi pozmaq cəhdlərinin arxasında iki beynəlxalq aktor – ABŞ və İsrail dayanır. Bu cəhdlər əhalinin real iqtisadi çətinliklərindən istifadə etməklə daha geniş təhlükəsizlik ssenariləri üçün zəmin hazırlamağa yönəlib”.

Şərhçinin sözlərinə görə, İslam Respublikası düşmən saydığı hər iki ölkəyə, onların regional maraqlarına qarşı “müqavimət hərəkatı” adı altında silahlı-siyasi qruplar hazırlayır:

“Tehran yəhudi dövlətinə son zamanlar sınaqdan çıxardığı uzaqmənzilli ballistik raketlərlə də zərbə endirə bilər. O, İsrailin müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərinə hücumları təşkil etməklə Dəməşqdəki hadisənin əvəzini çıxmağa səy göstərər. Ancaq bütün hallarda Tehranın öz ərazisindən İsraili vurması ehtimalı yox dərəcəsindədir. Bu, HƏMAS-la qarşıdurmada özünü göstərməyən İranın İsrailə savaş elan etməsi, yaxud müharibədə iştirakı kimi dəyərləndirilər. Tehranın belə bir addım atması isə ona qarşı daha sərt addımların atılması ilə müşayiət olunar.

Tehran rəsmilərinin İsrailə qarşı ritorik çıxışları əvvəlki illərdə verilən açıqlamaların təkrarına oxşayır, onları xatırladır. Çünki belə bir addım İran hakimiyyətinin də aqibətini həll edər”.

Seçilən
54
nocomment.az

1Mənbələr