AZ

Stomatoloqların eitrazı KİMDİR HAQLI?

İxtisar təbii ki, heç kimin ürəyincə olmaz. Amma bu məsələnin əsl mahiyyəti nədir? Hələ ötən ilin noyabr ayında TƏBİB rəhbərliyi brifinq keçirərkən 8 ay əvvəl stomatoloqlara xəbərdarlıq edildiyini demişdi.  TƏBİB niyə xəbərdarlıq etmişdi? Söhbət stomatoloqların işinin keyfiyyətinin artırılması və xidmət səviyyəsi ilə bağlı idi. Təhlillər nəticəsində məlum olub ki, bir sıra tibb müəssisələrində ora bir il ərzində 1 nəfər belə müraciət etmir. Bir il ərzində xəstə müraciəti olmayan stomatoloq isə dövlətdən maaş alır, kabinetin xərclərini dövlət qarşılayır, dərman vəsaitlərini dövlət hesabına əldə edir, köməkçilərə belə dövlət maaş verir. 1 il müddətində xəstə qəbul etməyən stomatoloqa dövlət niyə əmək haqqı verməlidir? Bu müddət ərzində xəstə qəbulu olmayan həkimlə bağlı belə nəticəyə gəlmək olar ki, o keyfiyyətsiz fəaliyyət göstərir, heç kim də öz sağlamlığını bu həkimə etibar etmək istəmir. Yox belə deyilsə və həkimin xəstəsi çoxdursa dövlət niyə bu qəbulları və müalicələri rəsmi olaraq görə bilmir? Sizcə həqiqətən də stomatoloqlar illərlə xəstə üzünə həsrət qalıblar? Əlbəttə ki, xeyr. Etiraz edən stomatoloqlar real “çörək”siz qalıblar. İcbari Tibbi Sığorta Paketinə aid olmayan Stomatologiya sahəsində xidmətlər rəsmi olaraq Nazirlər Kabineti tərəfindən müəyyən olunub. Dişin çəkilməsi, cərrahi əməliyyat, plomb qoyulması və digər xidmətlərin öz rəsmi qiymətləri var. Amma stomatoloqlar pasiyentə 30 azn-lik rəsmi xidmət əvəzinə 20 azn alaraq xidmət göstərməyə və pasiyent gəlişini qeydiyyata almamağa üstünlük verirlər. Maaşı dövlətdən al, köməkçinə dövlət əmək haqqı versin, kabinetinin xərclərini dövlət ödəsin sən də rəsmi qeydiyyata almadan xəstə qəbul elə və vergidən yayın. Nə gözəl rahatlıqdır bu. Dövlət büdcəsini yükləməklə öz şəxsi maraqlarına xidmət edən bu şəxslər əslində cinayət məsuliyyəti daşıdıqlarını görəsən bilirlərmi?! Dövlət zamanında güzəşt edərək aylar əvvəl xəbərdarlıq etmişdi. Amma nəticə göz önündədir.
İndi Siz deyin kimdir haqlı?
Tural Müseyibov 
Ajans.az xəbər portalının baş redaktoru

Seçilən
63
Ajans.az

1Mənbələr