AZ

Yeni nəsil texnologiyalar Azərbaycandakı müəssisələrin maliyyə göstəricilərini gücləndirir – ŞƏRH

Bakı, 7 yanvar, Pərvanə Qafarova, AZƏRTAC

Rəqəmsal transformasiyadan keçmiş müəssisələrdə EBITDA göstəricisinin artımı birbaşa olaraq bu proseslərin nə dərəcədə planlı, ardıcıl və sistemli şəkildə icra olunmasından asılıdır.

Bu barədə AZƏRTAC-a açıqlamasında İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Təhlil və monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadi bildirib.

Əzizə Vidadi diqqətə çatdırıb ki, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın 2029-cu ilə qədər rəqəmsallaşmış müəssisələrdə EBITDA artımının sürətləndirilməsi hədəfinə nail olunması bir neçə əsas amilin paralel şəkildə həyata keçirilməsini tələb edir (EBITDA - Earnings Before Interest, Taxes, Depreciation and Amortization – faiz, vergi və amortizasiya hesablanmazdan əvvəlki mənfəətdir – red.).

“Bu məqsədə çatmaq üçün bir-birini tamamlayan bir neçə strateji amilin paralel şəkildə icrası tələb olunur. Sözügedən amillər həm texnoloji modernizasiyanı, həm də idarəetmə modellərinin yenilənməsini əhatə edir və nəticə etibarilə müəssisələrin əməliyyat səmərəliliyinə, məhsuldarlığına və maliyyə göstəricilərinə birbaşa təsir göstərir.

Ən vacib istiqamət yeni nəsil texnologiyaların - süni intellekt, generativ süni intellekt, robotlaşdırma, rəqəmsal əkizlər və data analitikası kimi həllərin biznes proseslərinə ardıcıl və planlı inteqrasiyasıdır. Bu texnologiyaların geniş tətbiqi proseslərin avtomatlaşdırılmasını, əməliyyat fasilələrinin azalmasını, resursların daha səmərəli istifadəsini və qərarvermənin optimallaşdırılmasını təmin edir. Beynəlxalq təcrübə də bunu təsdiq edir: planlı rəqəmsal transformasiya həyata keçirən müəssisələrdə əməliyyat xərclərinin 20-40 faiz, məhsuldarlığın isə 15-30 faiz artması qeydə alınır. Bu isə EBITDA göstəricisinin yüksəlməsinə birbaşa təsir göstərən əsas faktor sayılır.

Digər həlledici amil müəssisələrdə data əsaslı idarəetmənin gücləndirilməsidir. Strategiyada nəzərdə tutulan sahəvi təşəbbüslər müəssisələrə daha dəqiq proqnozlaşdırma, resurs optimallaşdırılması və risklərin operativ aşkarlanması üçün yeni imkanlar yaradacaq. Qərarların data əsasında verilməsi isə xərclərin daha effektiv idarə olunmasına və gəlirliliyin yüksəlməsinə şərait yaradır.

EBITDA artımını dəstəkləyən ən mühüm istiqamətlərdən biri insan kapitalının gücləndirilməsidir. Strategiyada rəqəmsal bacarıqlar üzrə genişmiqyaslı təlimlərin təşkili və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması nəzərdə tutulur ki, bu da müəssisələrdə rəqəmsal transformasiya proseslərinin daha operativ, peşəkar və dayanıqlı şəkildə icra olunmasına imkan yaradacaq. Rəqəmsal keçidin uğuru bilavasitə sahə üzrə qabaqcıl bilik və praktiki təcrübəyə malik kadrların mövcudluğu ilə bağlı olduğundan, bu istiqamətdə atılan addımlar strateji əhəmiyyət daşıyır. təlimlərin təşkili və yüksək ixtisaslı kadrların hazırlanması nəzərdə tutulur. Bu isə müəssisələrdə rəqəmsal transformasiya proseslərinin daha operativ və dayanıqlı şəkildə icrasına imkan verir”, - deyə Əzizə Vidadi əlavə edib.

Onun sözlərinə görə, ötən dövr ərzində “Coursera”, “Binance”, “Esri”, “Apple” kimi aparıcı texnoloji şirkətlər və qlobal tədris platformaları ilə əməkdaşlıq çərçivəsində bilik və bacarıqların artırılmasına yönəlmiş layihələrin icrasına başlanması insan kapitalının inkişafını sürətləndirən mühüm təşəbbüslərdən biridir.

“Dünya İqtisadi Forumu ilə birgə start verilmiş “Azərbaycan Bacarıqlar Akseleratoru” layihəsi isə təhsil sisteminin sənaye tələblərinə uyğunlaşdırılması, rəqəmsal və yaşıl bacarıqların inkişafı, habelə ömürboyu təhsil modelinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Nəhayət, KOB-lar üçün nəzərdə tutulmuş qrantlar, subsidiyalar və texnoloji transformasiyaya dəstək mexanizmləri investisiya yükünü azaldaraq müəssisələrin yeni texnologiyaları daha rahat mənimsəməsinə şərait yaradır. Bu dəstək xüsusilə transformasiyanın ilkin mərhələsində kritik rol oynayır və rəqəmsallaşmanın miqyasını genişləndirməyə xidmət edir”, - deyə Əzizə Vidadi qeyd edib.

Seçilən
67
1
azertag.az

2Mənbələr