Prezident ilham Əliyevin yerli telekanallara müsahibəsində işğaldan azad edilən ərazilərdə görülən işlərə diqqət çəkib. Xankəndi və Ağdamın azad edilmiş bölgələrin əsas şəhərləri olacacağını deyən dövlət başçısı bu bölgələrə əhalinin köçürülməsindən də söz açıb.
Prezidentin bu açıqlamaları postmüharibə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərinin miqyasını və əhəmiyyətini bir daha ön plana çıxarır. Məsələ ilə bağlı Ölkə.Az-a açıqlama verən millət vəkili Vüqar İsgəndərov dövlət başçısının fikirlərinə münasibət bildirib. O deyib ki, burada əsas məsələ təkcə insanların köçürülməsi deyil, həmçinin sözügedən ərazilərdə yeni iş yerlərinin açılmasıdır:

“Azərbaycan Vətən müharibəsindəki şanlı qələbəmiz və 2023-cü ildə 23 saatlıq antiterror əməliyyatından sonra da suverenliyini bərpa etməsi ilə bölgədə yeni reallıqlar yaratdı. Postmüharibə dövründə işğaldan azad etdiyimiz Qarabağ və Şərqi Zəngəzurda dərhal və təxirəsalınmaz formada bərpa-quruculuq, yenidənqurma işlərinə start verildi. Dünyanın gözü qarşısında keyfiyyətlə və sürətlə böyük ərazilər həm minalardan təmizləndi, buna paralel olaraq orada yeni infrastruktur layihələri və digər məsələlər icra edildi. Azərbaycan bununla çağdaş muharibə və antiterror tədbirləri ən yüksək dəqiqliklə icra etməklə, həm də postmüharibə dövründə quruculuq, bərpa işlərində göstərdiyi həm sürət, həm keyfiyyətlə ölkəmizin bütün sahələrdəki gücünü və qüdrətini ortaya qoymuş oldu.
Cənab Prezidentin yerli televiziyalara müsahibəsində, həmin bölgələrimizdə əsasən də orada böyük şəhərlər olacağını, həm Xankəndi, həm Ağdam mərkəzli şəhərlər olacağını dedi. Dövlət başçısı həmin şəhərlərin bütün standartlara uyğun, yeni çağrışlara cavab verən şəhərsalma mədəniyyəti ilə yenidən qurulması, tikilməsi, bərpa edilməsi və orada minlərlə insanın layiqli şəraitdə yaşamasını ölkəmiz üçün qarşıda duran əsas məqsədlərdən biri olduğunu da söylədi.
Cənab Prezident həmçinin vurğuladı ki, hazırda həmin ərazilərdə 70 mindən çox insan yaşayır və yaxın zamanlarda 120, 130, 140 min əhalinin də köçürülməsi gözlənilir.
Təbii ki, burada əsas məsələ tələsik formada insanlarla köçürülməsi yox, orada bütün şəraitin, infrastrukturun, digər layihələrin, dövlət institutlarının formalaşması, əmək bazarı üçün iş yerlərinin açılması və belə obyektlərin olması əsas vacib məsələlərdən biridir.
Təbii ki, qarşıdakı illərdə əhalinin köçürülməsi bağlı həm də dövlət proqramlarının icra olması məsələsi də qüvvədədir. Füzuli proqramını da bura əlavə etsək, Böyük Qayıdışla həmin ərazilərimizə minlərlə insanın köçürülməsi və orada tam yüksək yaşam şəraiti ilə yaşamaları hazırda dövlətimizin qarşısına duran vacib məsələlərdən biridir. Bu məsələ ölkəmiz qarşısında duran bir neçə qayğılı məsələlərinin qarşısına demək olar ki, müsbət hal kimi qalacaq.
Birinci məsələ əhalinin sıx yaşam şəhərlərindən azad edilən ərazilərə köçüdür. Bu insanların böyük əksəhəriyyəti Bakı şəhərində yaşayır. Mərhələli şəkildə həmin insanların ora köçürülməsi paralel olaraq şəhərdəki sıxlığa müsbət təsir göstərə bilər. Bu, tıxacların və digər məsələlərin qarşısını köklü surətdə almasa da, şəhərdə sıxlıqla və onun yaratdığı digər problemlərlə bağlı məsələlərə qismən dəstək verə bilər”.
Millət vəkili hesab edir ki, burada ikinci vacib məsələ həmin bölgələrsə müxtəlif sahələrin inkişaf etdirilməsidir:

“İkinci məsələ təbii ki, həmin bölgələrimizin potensialı var. Buraya aqrar və turizm sahəsini misal göstərmək olar. İnsanların orada yaşayaraq sahələr üzrə töhfələrini verməsi həm ölkə iqtisadiyyatına, həm digər yaşam tərzinə, digər sahələrdəki inkişafımıza da öz töhfəsini verəcək. Bu da təbii ki, ümumilikdə ölkəmizin hərtərəfli inkişafına dəstək ola bilər.
Hazırda cənab Prezidentin də müsahibəsində deyildiyi kimi Qarabağ və Şərqi Zəngəzurda sürətlə işlər aparılır, yollar, köprülər, tunellər, infrastruktur layihələri icra edilir. Bütün bu işlər isə dəfələrlə çıxışlarında söylədiyi kimi dövlət başçısı şəxsən nəzarəti altındadır. O, mütamadi olaraq həm bölgələrələrə səfərlər edir, yeni layihələrin icrasını yoxlayır, açılışlar edir, salınacaq yeni layihələrin infrastruktur məsələlərində təməl daşların atılması, bünövrənin qoyulması mərasimlərində iştirak edir, ümumi tapşıqlarını verir.
Orada görülən işlərin miqyası ölçüyəgəlməzdir. Bütün bu işlərin gedişi ölkə başçısının şəxsən nəzarəti altında olması və işlərin keyfiyyətlə görülməsi, onu deməyə əsas verir ki, bu bölgələrimiz çox da uzaq olmayan zamanlarda Azərbaycanımızın ən dilbər guşələrindən birinə çevriləcək. Oraya insanların kütləvi sürətdə köçməsi və yaşaması ilə həm də paytaxt Bakıda və insanların sıx yaşadığı digər bölgələrdə artıq sıxlığın azalmasına öz müsbət təsirini göstərəcək”.
Billurə Yunus