AZ

Trampın Qrenlandiya planı: Nələr gözlənilir?

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-nin Dövlət katibi Marko Rubionun Prezident Donald Tramp administrasiyasının Qrenlandiyanı “işğal etməyi deyil, satın almağı hədəflədiyini” bildirdiyi iddia olunur.

"Cebheinfo.az" xəbər verir ki, "Wall Street Journal" qəzetinin adları açıqlanmayan rəsmilərə istinadən yaydığı xəbərə görə, Rubio Konqres üzvlərinə Venesuelaya müdaxilə ilə bağlı verdiyi məlumat zamanı Prezident Trampın Qrenlandiya planları barədə açıqlamalar verib.

Konqres üzvlərinin, Trampın daxili təhlükəsizlik üzrə müşaviri, prezident administrasiyası rəhbərinin müavini Stiven Miller kimi yüksək vəzifəli şəxslərin “aqressiv bəyanatları” səbəbilə Qrenlandiya ilə bağlı verdiyi suallara cavab olaraq Rubio bildirib ki, Tramp əslində Qrenlandiyanı “satın almaq istəyir”.

Rubio əlavə edib ki, rəsmilərin Qrenlandiya ilə bağlı açıqlamaları “yaxın zamanda baş verəcək bir işğalın siqnalı deyil” və əsas məqsəd adanı Danimarkadan almaqdır.

Lakin Ağ Evdən verilən açıqlamada Tramp administrasiyasının Qrenlandiyaya sahib olmaq üçün “ABŞ ordusundan istifadə də daxil olmaqla” müxtəlif variantları nəzərdən keçirdiyi bildirilib.

Tramp 5 yanvarda verdiyi açıqlamada Qrenlandiyaya sahib olmağın milli təhlükəsizlik baxımından zəruri olduğunu və bunun xüsusilə Rusiya və Çinlə rəqabət kontekstində prioritet təşkil etdiyini vurğulamışdı.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp seçildikdən və vəzifəyə başladıqdan sonra dəfələrlə Qrenlandiyanın ABŞ-nin nəzarətində olması gərəkdiyini bildirib. O, adanın mülkiyyətinə və idarəsinə sahib olmağın “mütləq zərurət” olduğunu vurğulayıb.

Tramp ABŞ-nin Qrenlandiyaya sahib olmasının “azad dünyanı müdafiə etmək” üçün vacib olduğunu iddia edib. Prezidentin bu sözləri, xüsusilə Qrenlandiyalı rəsmilər başda olmaqla bir çox dairənin etirazına səbəb olub.

Qrenlandiyanın o dövrdəki baş naziri Mute Burup Egedə isə bu açıqlamalara cavab olaraq bildirib:

“Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmırıq və heç vaxt satılmayacağıq. Uzun illərdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik”.

Qeyd edək ki, Danimarka Krallığına tabe olan Farer Adaları ilə birlikdə iki muxtar bölgədən biri olan Qrenlandiya, Danimarkadan təxminən 2 900 kilometr məsafədə yerləşir.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
1
cebheinfo.az

2Mənbələr