AZ

Gürcüstanın pravoslav icması Milad bayramını təntənə ilə qeyd ediblər

Tbilisi, 7 yanvar, AZƏRTAC

Yanvarın 7-də Gürcüstanda pravoslav xristianları İsa peyğəmbərin mövlud gününü - Milad bayramını təntənə ilə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, bayramla əlaqədar evlərdə süfrələr açılıb, yanvarın 6-da gecə saat 00:00-dan başlayaraq pravoslav məbədlərində bayram mərasimi keçirilib.

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya Müqəddəs Troitsa kilsəsində ruhanilərlə görüşüb, dualar oxunub. Sonra Patriarx əhalini Milad bayramı münasibətilə təbrik edib.

Pravoslav xristianlarının Milad bayramı yanvarın 7-də “Alilo” adlı mərasimlə davam edib.

Tbilisidəki “Qızılgül” meydanında başlanan ənənəvi “Alilo” yürüşü Müqəddəs Troitsa kilsəsində başa çatıb. Yol boyu müxtəlif dini ayinlər icra edilib, dualar oxunub.

Yürüş iştirakçılarını “Azadlıq” meydanında Tbilisi şəhərinin meri, parlamentin deputatları, bələdiyyə üzvləri qarşılayıb, hədiyyə və ianələr veriblər. Müxtəlif küçə və prospektlərlə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyat və ianələr veriblər.

Müqəddəs Troitsa kilsəsində iştirakçıları bütün Gürcüstanın Katolikos-Patriarxı qarşılayıb, onlara xeyir-dua verib. İştirakçılar Patriarx II İlyaya şirniyyat təqdim ediblər. Bununla da Pravoslav xristianlarının bayram tədbirləri başa çatıb.

Kilsə xidmətçisi David Rekvava bayram təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşüb: “Bu gün bizim üçün çox əzizdir. İsa peyğəmbərin mövlud günü bizim üçün Yeni il bayramı qədər əzizdir. Bu bayramda da evlərimizdə süfrə açılır və süfrələrə milli yeməklərimiz düzülür. Bayramın sonuncu günü “Alilo” mərasimi təşkil edirik. Bu yürüşdə əsasən tələbələr və uşaqlar iştirak edirlər. Yol boyu imkanlı insanlar, şəhər rəhbərliyi, deputatlar, iş adamları yürüş iştirakçılarına hədiyyələr, ianə verirlər. Yığılan vəsait valideyn himayəsindən məhrum uşaqlara, əlillərə, tənha qocalara paylanır. Biz bu ənənəni yaşadacağıq və düşünürəm ki, gələcək nəsillər də bizim yolumuzu davam etdirəcəklər”.

Yürüş iştirakçısı Amiran Samolaidze də bu bayramı böyük sevinclə qeyd edir: “Katoliklərdən fərqli olaraq biz bu bayramı bir az gec qeyd edirik. Bu bayram pravoslavlar üçün Pasxa bayramı qədər əzizdir. Bu bayramda edilən duaların həyata keçəcəyinə qəlbən inanırıq. Bu həm də xeyirxahlıq bayramıdır. Yol boyu yığılan ianələr ehtiyacı olanlara veriləcək. Kimsəsizlərin, yetimlərin və əlillərin sevinməsindən yaxşı nə ola bilər ki? Ona görə də biz bu bayramı çox sevirik. Başqa vaxtlardan fərqli olaraq bu gün hamı həmrəy olur, bir yerdə dua edir və ehtiyacı olanlara əl tutur”.

Kilsəyə gələnlərdən biri də məktəbli Luka Papxadzedir. O deyir: “Valideynlərim bu bayramı sevinclə qeyd edirlər. Mənim, eləcə də həmyaşıdlarım üçün bu bayram çox maraqlıdır. Biz bu yürüşə qatılmaqla bayram sevincimizi bölüşürük, həm ibadət edirik, həm də böyüklərimizin qoyduğu ənənələri öyrənirik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi 

 

Seçilən
109
azertag.az

1Mənbələr