Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Fransa və Almaniya başda olmaqla bir sıra müttəfiq ölkələr ABŞ-nin Qrenlandiyanı ələ keçirməklə bağlı təhdidlərini reallaşdıracağı halda necə cavab veriləcəyinə dair birgə fəaliyyət planı üzərində işləyir. “Reuters” agentliyinin yazdığına görə, Avropa ABŞ Prezidenti Donald Trampın regionla bağlı ambisiyalarına qarşı koordinasiyalı mövqe formalaşdırmağa çalışır.
Qrenlandiyanın NATO üzvü olan Danimarkadan hərbi yolla alınması alyans daxilində ciddi sarsıntıya səbəb ola və Tramp administrasiyası ilə Avropa liderləri arasında mövcud olan fikir ayrılığını daha da dərinləşdirə bilər.
Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, məsələ gün ərzində Almaniya və Polşanın xarici işlər nazirləri ilə keçiriləcək görüşdə müzakirə olunacaq. Onun sözlərinə görə, Paris bu məsələdə təkbaşına deyil, Avropa tərəfdaşları ilə birlikdə addım atmaq niyyətindədir.
“Biz hərəkətə keçmək istəyirik, amma bunu Avropadakı tərəfdaşlarımızla birlikdə etməyi üstün tuturuq”, – deyə Barro France Inter radiosuna açıqlamasında vurğulayıb.
Almaniya hökumətindəki mənbə isə “Reuters”ə bildirib ki, Berlin Qrenlandiya məsələsində Danimarka və digər Avropa ölkələri ilə “çox sıx əməkdaşlıq” edir və mümkün növbəti addımlar müzakirə olunur.
Son günlər Avropanın aparıcı dövlətləri və Kanada Qrenlandiyanı açıq şəkildə dəstəkləyərək, adanın onun xalqına məxsus olduğunu bəyan ediblər. Bu mövqe Trampın Qrenlandiyanı ABŞ-nin nəzarətinə keçirmək niyyətini yenidən gündəmə gətirməsindən sonra səsləndirilib.
Donald Tramp son günlər Qrenlandiya üzərində nəzarət əldə etmək istədiyini bir daha açıqlayıb. O, bu fikri ilk dəfə 2019-cu ildə – prezidentliyinin ilk dövründə səsləndirmişdi. Tramp Qrenlandiyanın ABŞ-nin hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıdığını bildirir və Danimarkanı adanı lazımi səviyyədə qorumamaqda ittiham edir.
Ağ Ev isə çərşənbə axşamı açıqlayıb ki, Tramp və onun müşavirləri Qrenlandiyanın əldə olunması ilə bağlı müxtəlif variantları, o cümlədən ABŞ ordusunun mümkün istifadəsini müzakirə edirlər. Bu isə Avropa paytaxtlarında ciddi narahatlıq doğurub.

Fransa XİN rəhbəri Jan-Noel Barro bununla belə, Vaşinqtonun hərbi ssenarini gündəmdən çıxardığını iddia edib. Onun sözlərinə görə, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında bu məsələ qaldırılıb və Rubio Qrenlandiyaya hərbi müdaxilə ehtimalını istisna edib.
“Dünən mən şəxsən dövlət katibi Marko Rubio ilə danışdım. O, bu yanaşmanın gündəmdə olmadığını, Qrenlandiyanın işğalının mümkün sayılmadığını açıq şəkildə bildirdi”, – deyə Barro qeyd edib.
Lakin “Reuters” xatırladır ki, ABŞ ordusunun ötən həftəsonu Venesuelada ölkə rəhbərini saxlaması Avropada narahatlığı daha da artırıb. Bir çoxları Qrenlandiyanın da oxşar ssenari ilə üzləşə biləcəyindən ehtiyat edir.
ABŞ-dan adının açıqlanmasını istəməyən yüksəkvəzifəli rəsmi bildirib ki, Tramp və onun komandası Qrenlandiyanın əldə olunması üçün müxtəlif yolları, o cümlədən satınalma variantını müzakirə edir. Qrenlandiya və Danimarka isə adanın satılmayacağını qəti şəkildə bəyan ediblər.
Bu fonda Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və Qrenlandiyanın xarici işlər üzrə məsul şəxsi Vivian Motsfeldt Marko Rubio ilə təcili görüş tələb ediblər. Rasmussen sosial şəbəkədə yazıb ki, tərəflər vəziyyətə daha rasional yanaşmalı və gərgin ritorikanı dayandırmalıdır.
“Biz bu müzakirəyə bir az sağlam düşüncə qatmaq istəyirik. Qışqırıq və təzyiq yerini daha ağıllı dialoqa verməlidir”, – deyə o bildirib.
Qrenlandiya dünyanın ən böyük adasıdır, lakin cəmi 57 min nəfərlik əhaliyə malikdir. Ada NATO-nun ayrıca üzvü olmasa da, Danimarkanın alyansdakı üzvlüyü çərçivəsində kollektiv müdafiə sisteminə daxildir.
Qrenlandiya Avropa ilə Şimali Amerika arasında strateji mövqedə yerləşir və onilliklərdir ABŞ-nin ballistik raketlərdən müdafiə sisteminin mühüm hissəsi hesab olunur. Bundan əlavə, adanın zəngin mineral ehtiyatları Vaşinqtonun Çindən asılılığı azaltmaq planları ilə də üst-üstə düşür.
Donald Tramp dəfələrlə Rusiya və Çin gəmilərinin Qrenlandiya ətrafındakı sularda fəal olduğunu iddia etsə də, Danimarka bu fikirləri təkzib edir. Lars Lökke Rasmussen bildirib ki, təqdim edilən mənzərə reallığı əks etdirmir.
“Nuuk fiyordunda Rusiya və Çin gəmilərinin dolaşması, yaxud böyük Çin sərmayələrinin olması barədə deyilənlər doğru deyil”, – deyə o, jurnalistlərə açıqlamasında vurğulayıb.
MarineTraffic və LSEG-in gəmi izləmə məlumatları da Qrenlandiya yaxınlığında Rusiya və Çin gəmilərinin mövcudluğunu təsdiqləmir.
Rasim
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.