Bakıda TƏBİB-in tabeli tibb müəssisələrində stomatoloqların kütləvi ixtisarları ilə bağlı etiraz aksiyası keçirilib. Onlarla həkim TƏBİB-in binası qarşısında toplaşaraq, işdən çıxarılmalarını əsassız hesab etdiklərini bildirir və rəhbərlikdən açıqlama tələb ediblər.
Xatırladaq ki, noyabr ayında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirmişdi ki, stomatoloqların fəaliyyətinə dair təhlillər uzun müddət aparılıb və işdən çıxarılmalar xidmət səviyyəsinin aşağı olması ilə izah edilir. O qeyd edib ki, bəzi tibb müəssisələrinə bir il ərzində bir nəfər belə müraciət etmədiyi üçün vətəndaşların bu xidmətlərdən məmnun olmadığı qənaətinə gəlinib. V.Qurbanov həmçinin bildirib ki, araşdırmalar yalnız stomatoloqlarla məhdudlaşmır, digər həkimlərin fəaliyyəti ilə bağlı da təhlillər davam edir və regionlarda artıq bəzi stomatoloqların ştatlarının ləğv olunması ilə bağlı xəbərdarlıq göndərilib.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Ədalət Hüseynov bildirir ki, işdən çıxarılmaların yalnız xidmət səviyyəsinin aşağı olması kimi əsaslarla həyata keçirilməsi qanunvericilik baxımından kifayət qədər əsaslı sayılmaya bilər: “Azərbaycan Əmək Məcəlləsinə əsasən, dövlət və ya tabeli qurumlarda həkimlərin işdən çıxarılması yalnız qanunla müəyyən edilmiş əsaslarla, məsələn, vəzifə öhdəliklərinin ciddi şəkildə yerinə yetirilməməsi və ya müəssisənin struktur dəyişiklikləri ilə bağlı ola bilər. Sadəcə müraciətlərin az olması və ya xidmət səviyyəsinin subyektiv qiymətləndirilməsi hüquqi əsas kimi yetərli deyil. Hər bir işçi ilə bağlı qərar sənədlərlə əsaslandırılmalı, işçinin müdafiə hüququ təmin olunmalıdır”.
Hüquqşünas bildirib ki, TƏBİB-in açıqlamaları ilə stomatoloqların etirazları arasında fərq mövcuddur və kütləvi ixtisarlar zamanı qanunvericiliyin tələblərinə riayət olunması vacibdir: “Əks halda, həm hüquqi, həm də sosial problemlər yarana bilər. Hazırda həm etirazçı həkimlərin hüquqlarının qorunması, həm də xidmət keyfiyyətinin artırılması məsələsi diqqətlə izlənir və prosesin nəticəsi yalnız obyektiv araşdırmalardan sonra qiymətləndirilə bilər”.