Bakı, 7 yanvar, Günel Alıyeva, AZƏRTAC
Azərbaycanın turizm imicinin dəyişməsi postmünaqişə dövründə sektorda yeni imkanlar açır. Uzun illər ölkə münaqişə riski ilə assosiasiya olunduğundan bu amil, xüsusilə xarici turistlərin səyahət qərarlarına ciddi təsir göstərirdi. Lakin müharibənin bitməsi ilə Azərbaycan artıq daha təhlükəsiz və sabit istiqamət kimi qəbul olunur ki, bu da beynəlxalq turoperatorlar, investorlar və turistlər üçün psixoloji baryerin aradan qalxması deməkdir. Nəticədə həm səyahət, həm də biznes turizmi baxımından tamamilə yeni mərhələnin başladığı müşahidə olunur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında turizm eksperti Rəhman Quliyev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın mövcud infrastrukturu bu mərhələyə keçidi sürətləndirən əsas amillərdəndir. O bildirib ki, Bakı regional tədbirlərin keçirildiyi mərkəzə çevrilib və bu imkanların daha da genişlənməsi gözlənilir.
Ekspertin fikrincə, sağlamlıq turizmi də Azərbaycanın təbii üstünlükləri sayəsində böyük potensiala malikdir. Naftalanın müalicəvi nefti, Qalaaltının mineral suları, Duzdağın speleoterapiya imkanları təkcə regionda deyil, beynəlxalq səviyyədə də rəqabət qabiliyyətinə malikdir. Düzgün marketinq və beynəlxalq sertifikatlaşdırma ilə bu sahə böyük gəlir mənbəyinə çevrilə bilər.
“Qış turizmi istiqamətində isə Şahdagda keçiriləcək Xizəksürmə üzrə dünya çempionatı ölkəmizin tanınması baxımından xüsusi rol oynayacaq. Əsas amillərdən biri isə media görüntüləri, beynəlxalq yayımlar və yarışla bağlı xəbərlərdir, bunlar Şahdağı milyonlarla tamaşaçıya tanıdacaq. Bu prosesin əsas nəticələrindən biri Şahdağın brend dəyərinin artması olacaq. Dünya çempionatının keçirildiyi məkan kimi tanınması kurortu regional səviyyədən çıxararaq beynəlxalq xizək mərkəzinə çevirə bilər”, - deyə o əlavə edib.
Rəhman Quliyev vurğulayıb ki, dünya çempionatından sonra qış turizminə marağın davamlı şəkildə artacağı gözlənilir. Bununla yanaşı, Azərbaycan Avropa və Asiya bazarları üçün alternativ qış turizmi istiqaməti kimi daha əlçatan və cəlbedici mövqe qazana bilər.
Həmsöhbətimiz infrastruktur və investisiya effektini ayrıca qeyd edib. Ekspertin sözlərinə görə, infrastrukturun təkmilləşdirilməsi işləri həyata keçiriləcək, yarışa hazırlıq çərçivəsində yolların yenilənməsi, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi sonradan turistlər üçün qalıcı üstünlük formalaşdıracaq. Eyni zamanda, beynəlxalq statusun Şahdağa və ümumilikdə qış turizmi sektoruna yeni investisiyaların cəlb olunmasına şərait yarada bilər: “Nəticə etibarilə deyə bilərəm ki, Şahdağda dünya çempionatının keçirilməsi turist axınını artırmaq üçün güclü katalizatordur. Düzgün idarəetmə və davamlı tanıtım təmin olunarsa, bu hadisə Şahdağı və ümumilikdə Azərbaycanı qış turizmi üzrə beynəlxalq xəritədə daha möhkəm mövqeyə çıxara bilər”.