Prezident Donald Trampın Qrenlandiyanı ABŞ-ın ərazisi kimi görməsi barədə səsləndirdiyi bəyanat müttəfiqləri arasında ciddi narazıçılığa səbəb olub.
Ölkə.az xəbər verir ki, Fransa, İtaliya, İspaniya, Böyük Britaniya və Almaniya Trampın Qrenlandiya ilə bağlı təhdidlərinə qarşı çıxaraq onu BMT Nizamnaməsinin prinsiplərinə riayət etməyə və NATO müttəfiqlərini dəstəkləməyə çağırdılar.
Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen bildirib ki, Qrenlandiya çətin dövrlər də daxil olmaqla, nəsillər boyu ABŞ-ın yaxın və sadiq dostu olub: "Dostlar arasında təhdidlərə, təzyiqlərə və ya ilhaq söhbətlərinə yer yoxdur. Təzyiqlərə və ilhaq fantaziyaları yetər”.
Danimarkanın Baş naziri Mette Frederiksen isə deyib: "ABŞ başqa bir NATO üzvünə hücum etmək qərarına gələrsə, hər şey bitəcək".
Bir çox Avropa siyasətçisi də Qrenlandiyanı müdafiə edib. Yanvarın 5-də Litva və Estoniyanın xarici işlər nazirləri, eləcə də Latviya Prezidenti sosial mediada Qrenlandiyanın Danimarka suverenliyini təsdiqləyən bəyanatlar yayımladılar. Yanvarın 6-da Fransa, Almaniya, İtaliya, İspaniya, Britaniya və Polşa liderləri Danimarkanın Baş naziri ilə birlikdə "Qrenlandiya ilə bağlı Birgə Bəyanat" yayıblar. Sənəddə bildirilirdi ki, Danimarka NATO üzvüdür və ABŞ da daxil olmaqla ittifaq üzvləri BMT Nizamnaməsinin suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq Arktika təhlükəsizliyini kollektiv şəkildə təmin etməlidirlər.
Avropa liderlərin qəbul etdiyi bəyanatın sonunda "Qrenlandiya öz xalqına məxsusdur" və "Qrenlandiya və Danimarka ilə bağlı məsələlərə yalnız Qrenlandiya və Danimarka qərar verir" ifadəsi yer alır.
Avstriya isə daha sərt reaksiya verib. Avstriyanın NATO genişlənmə komitəsinin rəhbəri Günter Felinqer Trampa cavab olaraq deyib: "Əgər Qrenlandiyanı ələ keçirsəniz, Rumıniyadakı bütün digər hərbi bazalar da daxil olmaqla, hər bir ABŞ bazasını ələ keçirəcəyik. Əgər siz həddindən artıq getsəniz, biz də həddindən artıq gedəcəyik".
Tramp Luiziana qubernatoru Ceff Lendrini Qrenlandiyaya "xüsusi elçi" təyin edib. "The Economist" nəşri yazıb ki, bu addım ABŞ-ın adaya Danimarkadan ayrı bir ərazi kimi baxmasını simvolizə edir.
Qrenlandiya ilə bağlı sualları cavablandıran Tramp əvvəlcə sualdan yayınmağa çalışsa da, sonra məsələ ilə bağlı fikrini açıqılayıb. "Təxminən iki aydan sonra Qrenlandiya haqqında düşünəcəyik. 20 gündən sonra Qrenlandiya haqqında danışacağıq”.
Trampın müşaviri Stiven Miller CNN-ə müsahibəsində deyib ki, bununla bağlı Ağ Ev administrasiyanın rəsmi mövqeyi var və bu mövqeyə əsasən Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır. “Hərbi əməliyyat kontekstində bu barədə düşünməyə və ya danışmağa belə ehtiyac yoxdur. Heç kim Qrenlandiyanın gələcəyi ilə bağlı ABŞ-la mübarizə aparmayacaq", - o qeyd edib.
Bu isə onu deməyə əsas verir ki, Qrelandiya böhranının dərinləşməsi ilk növbədə NATO daxilində ciddi böhrana və parçalanmaya yol aça bilər. NATO daxilində yaranan böhran isə Avropanın gələcək təhlükəsizliyini təhdid altında qoyar.
Mürtəza