AZ

“Azərbaycan fələstinlilər üçün əlindən gələni edir” Politoloq

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Azərbaycanın öz hərbçilərini Qəzzaya göndərməməsinin səbəbi bölgənin gələcəyi ilə bağlı natamam layihələrlə və Qəzzaya dair konkret yol xəritəsinin olmaması ilə əlaqədardır. Hələ də heç kimə məlum deyil ki, bölgənin gələcəyi necə olacaq”.

Bu barədə 525.az-a Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda hansısa hərbi qüvvələrdən söhbət gedir, lakin həmin hərbi qüvvələrin funksiya və vəzifələri hələ də bəlli deyil. Yəni məsələ bundadır və hazırda Qəzzada fələstinlilərdən daha çox İsrail və ABŞ üçün xarici dövlətlərin sülhməramlılarının iştirakı vacibdir.

“Təəssüflər olsun ki, Yaxın Şərq və Azərbaycan mövzusu ilə bağlı qonşu müsəlman dövlətlərindəki bəzi qüvvələr ölkəmizin mövqeyi ilə bağlı səhv informasiya təbliğatı aparmaqla məşğuldurlar. Lakin bu bir həqiqətdir ki, Azərbaycan Respublikası daim İslam həmrəyliyindən çıxış edib və Fələstinin müstəqil dövlət olmasını bütün beynəlxalq təşkilatlarda bəyan edib, dəstəkləyib. Bundan başqa, Azərbaycan Qəzza ilə bağlı bu yaxınlarda Şarm əl-Şeyxdə keçirilmiş Yaxın Şərq Sülh Sammitində iştirak edib, Fələstinə dəstəyini nümayiş etdirib. Bu gün regionda məhz Bakı şəhərində Fələstinin səfirliyi fəaliyyət göstərir, hansını ki, Azərbaycan dövləti özü maliyyələşdirir. Fələstinlilərə Azərbaycan tərəfindən humanitar yardımlar davam edir. Göründüyü kimi, Azərbaycan fələstinlilər üçün əlindən gələni edir. Lakin kimlərsə qonşu ölkələrdə din altında ictimaiyyəti çaşdırmaqla məşğuldurlar.

Amma baxaq görək, Fələstinin siyasi elitası nə edib? Məsələn, Fələstinin siyasi hakimiyyəti qondarma “erməni soyqırımı”nın ildönümündə marka buraxıb. Əgər həqiqəti desək, Yaxın Şərqdə bir çoxlarının Türkiyəyə münasibəti hər kəsə bəllidir. Əlavə olaraq, Fələstinin lideri sayılan keçmiş başçı Y.Ərafat o zaman azərbaycanlılara qarşı soyqırım törədiləndə, torpaqlarımız işğal altında olanda Ermənistan rəhbərliyi ilə qucaqlaşırdı. Onillərdir ki, erməni terrrorçu qruplarının bir qismi məhz Yaxın Şərqdə fəaliyyət göstərərək hərbi təlimlər keçirdilər, həm 1990-cı illərdə, həm də 2020-ci ilin Qarabağ müharibəsində həmin terrorçular Azərbaycan dövlətinə qarşı döyüşürdülər. Qısacası, Yaxın Şərqdə daim erməniləri dəstəkləyən aktorlar hər kəsə məlumdur. Fələstinin indiki XİN rəhbəri də ermənidir”, - politoloq vurğulayıb.

O əlavə edib ki, bu gün İslam dünyası, ilk növbədə ərəb dünyası Qəzza çağırışı ilə üz-üzədir, lakin biz görürürük ki ərəb həmrəyliyi əməldə hələ ki, yoxdur:

“Yaxşı olardı ki, Qəzza və ətrafında baş verənlərlə bağlı Ərəb Liqası tərəfindən əməli addımlar atılsın. Azərbaycan iki dövlət prinsipindən çıxış edərək Qəzzadakı humanitar məsələlərdə yaxından iştirak edəcək”.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
525.az

1Mənbələr