AZ

Prezidentin müsahibəsi Azərbaycanın gələcək strateji hədəflərinin göstəricisidir - ŞƏRH

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkə iqtisadiyyatının inkişafının əsas vektorlarını müəyyənləşdirdi. İnvestisiyaların cəlb olunması baxımından ABŞ və Çinlə strateji münasibətlərin üstünlükləri, nəqliyyat dəhlizlərinin inkişafı və yükdaşımaların artımı, “yaşıl” enerji sahəsində perspektivlər və elektrik enerjisinin ixracı istiqamətində atılan addımlar, eləcə də Qarabağ regionunun dirçəldilməsində əldə olunan uğurlar və bu prosesdə turizm sektorunun mühüm rolu diqqətə çatdırıldı.

Bu barədə AZƏRTAC-a açıqlamasında Milli Məclisin komitə sədri professor Hicran Hüseynova bildirib.

Deputat qeyd edib ki, ötən ilin ən mühüm hadisələrini qeyd edən dövlət başçısı, xüsusilə avqust ayında Azərbaycan–ABŞ münasibətlərində baş vermiş tarixi irəliləyişi vurğuladı. Bildirdi ki, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən mərasim zamanı Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” adlı nəqliyyat dəhlizinin yaradılması haqqında saziş imzalanıb. Bu layihənin reallaşması Zəngəzur dəhlizinin inkişafını sürətləndirəcək və Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqənin təmin olunmasına töhfə verəcək.

Azərbaycan- ABŞ münasibətlərinə toxunan deputat deyib ki, ABŞ Cənubi Qafqaza Qara dəniz regionu, Xəzər hövzəsi və Şərqi Aralıq dənizi arasında strateji körpü kimi yanaşır: “Bu sxemdə Azərbaycan periferiyaya deyil, logistika qovşağına çevrilir. Qovşaq isə həmişə diqqət, təhlükəsizlik marağı və destabilizasiyaya qarşı diplomatik qoruma əldə edir. Prosesləri bu mənada təhlil etsək, o zaman Azərbaycanın regionda oynadığı əhəmiyyətli rol bir qədər də önə çıxır. Daha bir vacib amil ondan ibarətdir ki, üçtərəfli görüş Azərbaycanın infrastruktur planlarının beynəlxalq legitimliyini gücləndirdi. Söhbət hər detalın təsdiqindən deyil, kommunikasiyaların və iqtisadi açıqlığın gələcək regional quruluşun əsası kimi tanınmasından gedir. Bu isə prosesi pozmağa cəhd edə biləcək tərəflər üçün riskləri ciddi şəkildə artırır, çünki sabotaj artıq yalnız bir tərəfə deyil, ABŞ-ın da daxil olduğu bütöv bir arxitekturaya zərbə kimi görünür”.

O bildirib ki, ötən ilin mühüm beynəlxalq nəticələrindən biri də Azərbaycan–Çin işgüzar əməkdaşlığının inkişafıdır. Dövlət başçısı ikitərəfli ticarət dövriyyəsinin 4 milyard ABŞ dollarını keçdiyini, 20 faizdən çox artım qeydə alındığını və investisiya xarakterli müqavilələrin imzalandığını vurğuladı. Bildirdi ki, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji sahəsinə fəal şəkildə investisiya qoyurlar: günəş və külək elektrik stansiyaları tikilir, onların sayının artırılması ilə bağlı sorğular var, günəş panellərinin istehsalı üzrə zavodun tikintisinə başlanılıb, elektrobusların yığımı həyata keçirilir və gələcəkdə onların lokallaşdırılmasının artırılması planlaşdırılır. Müsahibədə dövlət başçısı Bakı ilə Pekin arasında nəqliyyat sahəsində əməkdaşlığın fəal inkişafına da toxundu.

H.Hüseynova vurğulayıb ki, Prezidentin sülhə dair söylədiyi “Biz yeni müharibəyə hazırlaşmırıq. Bizim üçün müharibələr arxada qalıb” - fikirləri isə xüsusi dəyər daşıyır. Prezident onu da xatırlatdı ki, müasir dünyada hər bir ölkə öz təhlükəsizliyi barədə ciddi düşünməyə borcludur. Bu bəyanat yetkin və məsuliyyətli dövlət təfəkkürünün təzahürüdür. Beynəlxalq hüquq normalarının getdikcə daha tez-tez pozulduğu, “kim güclüdürsə, o haqlıdır” prinsipinin səssiz qaydaya çevrildiyi bir dünyada sadəlövhlük çox baha başa gələ bilər. Güclü ordu Azərbaycan üçün təzyiq aləti deyil, sülhün təminatıdır. Vətən müharibəsində qalib gəlmiş ölkənin Prezidenti tərəfindən sülhün əhəmiyyətinə dair səsləndirilən fikirlər isə gücün, siyasi yetkinliyin və dinc həyatın dəyərinin dərindən dərk edilməsinin göstəricisidir. Bu sülhü qorumaq, müdafiə etmək və gələcək nəsillərə ötürmək dövlətin və cəmiyyətin strateji vəzifəsidir.

 

Seçilən
75
azertag.az

1Mənbələr