AZ

Vişne Korkmaz: İqlim zirvəsi kimi tədbirlər ölməkdə olan qlobal qaydalara əsaslanan nizama nəfəs verir ŞƏRH

Bakı, 7 yanvar, L.Muradzadə, AZƏRTAC

Ankara çoxtərəfliliyin əks olunması kimi qəbul edilə bilən iqlim diplomatiyasına və konfrans diplomatiyasına böyük əhəmiyyət verir. COP31 onların birləşməsidir. Türkiyənin nöqteyi-nəzərindən bu cür imkanlar yalnız davamlılıq və ya iqlim böhranının həlli yolları ilə bağlı mübahisələrdə danışmaq üçün bir fürsət deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin İstanbul Nişantaşı Universitetinin professoru Vişne Korkmaz söyləyib.

Onun fikrincə, Ankara beynəlxalq ekoloji siyasətdə, o cümlədən iqlim siyasətində özünəməxsus mövqe tutur. “Türkiyə böyüməyə xüsusi əhəmiyyət verən, lakin ənənələrin məhv edilməsini, ədalətsiz inkişafı və qeyri-sabit iqtisadi möcüzələri qəbul etməyən bir ölkədir. Eyni zamanda, texnologiya və ekologiyanın uyğunluğunu, ədalətli və bərabər paylanmanın mümkünlüyünü iddia edir. Bu mövqeyə görə, COP31 gündəmi formalaşdırmaq üçün bir fürsətdir. Bundan əlavə, oxşar mövqedə olan bir çox aktor var. Böyük güclərdən başqa, qlobal liberal sistemə əhəmiyyət verən aktorlar ekoloji həssaslığın, ədalətin və inkişafın necə uzlaşdırılacağını müzakirə edirlər. Türkiyə üçün bu, həm də belə ölkələrlə dialoq, əməkdaşlıq və koalisiya yaratmaq imkanıdır”, - deyə professor əlavə edib.

Vişne Korkmaz Türkiyə “qazanma-qazanma” perspektivində yaxın ətrafdakı təşəbbüslərə açıq olduğunu bildirib. “Bu təşəbbüslər daha böyük geosiyasi problemləri həll etməsə də, yenə də etimadın möhkəmlənməsinə töhfə verir və geosiyasi risklərin mənfi ekoloji nəticələrini tarazlaşdırmaq funksiyasını yerinə yetirir. Bu baxımdan, iqlim zirvəsi kimi tədbirlər ölməkdə olan qlobal qaydalara əsaslanan nizama nəfəs verir. Revizionizm və proteksionizm, eləcə də neomerkantilizmin yüksəldiyi bu günlərdə Ankara qlobal, ədalətli və məsuliyyətli liberalizmə dəstəyini nümayiş etdirir”, - deyə ekspert qeyd edib.

Seçilən
31
azertag.az

1Mənbələr