Gənclər və ilk dəfə kredit götürən şəxslər üçün ayrıca kredit limitinin tətbiqi məsələsi müzakirə mövzusu olaraq qalır. Maraqlıdır, gənclər və ilk dəfə kredit götürənlər üçün ayrıca limit olmalıdırmı?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu sahədə qanunvericilikdə konkret məhdudiyyət nəzərdə tutulmayıb.
Ekspertin sözlərinə görə, hazırda banklar kredit siyasətlərini öz daxili qaydalarına uyğun formalaşdırırlar və zəruri hallarda müəyyən limitlər tətbiq edə bilərlər. Onun fikrincə, kreditin verilib-verilməməsində əsas meyar şəxsin yaşı və ya kredit tarixçəsinin olmaması deyil.
“Qanunvericilikdə gənclər və ya ilk dəfə kredit götürənlər üçün ayrıca limitlə bağlı tələb yoxdur. Banklar özləri riskləri qiymətləndirərək müəyyən limitlər qoya bilərlər. Hər bir halda kredit verilərkən şəxsin aylıq gəliri, təqdim etdiyi girov və ya zaminlik əsas rol oynayır. İlk dəfə kredit verilməsi faktoru isə həlledici deyil”, – Əkrəm Həsənov vurğulayıb.
Onun sözlərinə görə, banklar daha çox borcalanın maliyyə imkanlarına və öhdəlikləri yerinə yetirmə potensialına diqqət yetirirlər. Bu baxımdan, kredit limitləri fərdi yanaşma əsasında müəyyənləşdirilir.
Aynurə İsmayıl
KONKRET.az